-
- 22-07-2024, 19:34
- 283
Süni intellekt bu xərçəng növünü müəyyən etməkdə həkimləri qabaqladı
Süni intellekt prostat xərçəngini həkimlərdən 25 faiz daha dəqiq aşkarlayır.
News24.az Medicina.az-a istinadla xəbər verir ki, yeni araşdırma zamanı süni intellektə əsaslanan alətin kişilərdə rast gəlinən bu xərçəng növünü 84 faiz dəqiqliklə aşkarladığı müəyyən edilib.
“Fox News” yazır ki, həkimlər xəstəliyi 67 faiz dəqiqliklə aşkarlaya bilirlər.
Bu yaxınlarda FDA təsdiqini almış proqram müxtəlif növ klinik məlumatlara əsaslanaraq, xərçəng ehtimalını vizuallaşdırmaq üçün süni intellekt alqoritmindən istifadə edir.
Tədqiqatda yeddi uroloq və üç radioloqdan ibarət bir qrup şişin çıxarılması ilə bağlı 50 tibbi hadisəni təhlil edib.
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, süni intellekt daha dəqiq diaqnoz və daha məqsədyönlü müalicəyə gətirib çıxara bilər və bununla da vəzin tamamilə çıxarılması ehtiyacını, sidik qaçırma, eləcə də sonsuzluq kimi əlavə təsirləri azalda bilər.
Təcili yardım həkimi Dr. Harvey Kastro isə bu texnologiya ilə bağlı potensial risklərdən danışıb. Onun sözlərinə görə, süni intellektin qoyduğu diaqnozun düzgünlüyü əsasən onun əldə etdiyi məlumatların keyfiyyətindən asılıdır və doğru olmayan məlumatlar qeyri-dəqiq diaqnozlara səbəb ola bilər.
"Süni intellekt güclü alət olsa da, o, səhiyyə mütəxəssislərini əvəz etməməlidir, sadəcə onların işini asanlaşdırmalıdır. Süni intellekt bizim yeni diaqnostika müttəfiqimizdir", - deyə həkim vurğulayıb.