Putin azərbaycanəsilli skripkaçını dövlət mükafatı ilə təltif etdi
    • 23-07-2024, 12:04
    • 162

Putin azərbaycanəsilli skripkaçını dövlət mükafatı ilə təltif etdi

Rusiya Prezidenti Vladimir Putin bir sıra rusiyalı və xarici vətəndaşların dövlət mükafatları ilə təltif olunması haqqında fərman imzalayıb.

News24.az Oxu.Az-a istinadla bildirir ki, mükafatçılar arasında Moskvada Böyük Teatrın orkestr artisti, əslən azərbaycanlı olan Teymur Usubov da var.

O, "Mədəniyyət və incəsənətdə əməyə görə" medalı ilə təltif edilib.

Qeyd edək ki, Teymur 10 avqust 1983-cü ildə Moskvada anadan olub. 1984-cü ildə ailəsi ilə Bakıya köçüb. Musiqiçinin atası - Azərbaycan və Rusiyanın musiqi mədəniyyəti və incəsənətinin korifeyi, rejissor və novator, Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Əli Usubovdur. Anası Yelena Usubova (Şevçenko) - Azərbaycan Dövlət Opera və Balet Teatrının və Omsk Musiqi Teatrının solisti, Omsk Dövlət Universitetinin incəsənət fakültəsinin müəllimi, Romans Teatrının rəhbəridir.

Teymur səkkiz yaşında Bülbül adına Bakı Musiqi Məktəbinin şagirdi olarkən artıq Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində simfonik orkestrlə çıxış edib. Sonradan Sankt-Peterburq Dövlət Konservatoriyasını və onun aspiranturasını bitirib. Burada artıq ikinci kursda, 19 yaşında Sankt-Peterburq Dövlət Akademik Kapellasının simfonik orkestrinin konsertmeysteri olub. Daha sonra altı il ərzində Moskva Dövlət Filarmoniyasının simfonik orkestrində çıxış edib və orkestrin solistlər ansamblına rəhbərlik edib. Artıq bir neçə ildir ki, Rusiyanın Dövlət Akademik Böyük Teatrının birinci skripkalar qrupunun tərkibinə daxildir və klassik sənətin dünya ulduzları ilə birlikdə çıxış edir.