-
- 23-07-2024, 20:56
- 233
Mask cinsini dəyişmiş oğlundan danışdı: "Məni aldatdılar"
“SpaceX” və “Tesla” şirkətlərinin sahibi, amerikalı milyarder İlon Mask cinsiyyətini dəyişən övladı Vivian Cenna Uilsondan (keçmiş adı Ksavyer Mask) danışıb.
News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Mask müsahibəsində övladından bəhs edərkən ondan keçmiş adı ilə bəhs edib.
Milyarder övladının “ağıl virusu tərəfindən aldadıldığını” bildirib. O, oğlunun qərarı ilə bağlı imzaladığı sənədlər haqqında deyib: “Məni əslində böyük oğlanlarımdan biri olan Ksavyerin sənədlərini imzalamaq üçün aldatdılar. Onu müalicəsi üçün razılıq verməli idim. Dərmanların yeniyetmələr üçün cinsi dəyişdirən preparatlar olduğunu izah etmədilər. Nə baş verdiyini anlamırdım və COVID-19-un davam etdiyi vaxtlar olduğundan çox qarışıqlıq idi və sənədləri imzalamasam mənə onun intihar edə biləcəyini söylədilər”.
“SpaceX”in qurucusu prosesin “razılıq yaşına çatmamış” uşaqlar üzərində aparıldığını iddia edib.
“Oğlumu itirdim. Mənim oğlum, Ksavyer öldü. O, “ağıl virusu” tərəfindən öldürüldü”, - deyə Mask müsahibəsində deyib.
Digər mənbələrdə yazılan məlumatlara görə, Vivian 16 yaşında xalasına mesaj göndərərək transseksual olduğunu bildirib, lakin ondan cinsi kimliyini atasından gizlətməyini xahiş edib.
Xatırladaq ki, iş adamının transgender övladı 22 iyun 2022-ci ildə 18 yaşında olarkən Kaliforniya ştatının Santa-Monika şəhərinin məhkəməsinə müraciət edib, adını və cinsini dəyişdirmək istədiyini bildirib. Məhkəmə onun ərizəsini təmin edib. O, məhkəmə ərizələrində Mask ilə heç bir şəkildə qohum olmaq istəmədiyini bəyan edib.
Onu da əlavə edək ki, Mask 2000-ci ildə kanadalı yazıçı Castin Uilson ilə ailə həyatı qurub. 2002-ci ildə cütlüyün bir oğlu dünyaya gəlsə də, körpə 10 gündən sonra dünyasını dəyişib. Daha sonradan cütlüyün Ksavyer və Qrifin adlı əkizləri, Demian, Kai və Sekson adlı üçəmləri dünyaya gəlib. Mask və Uilson 2008-ci ildə ayrılıb.