2030-cu ilə qədər bu xəstəlik yoxa çıxa bilər
    • Bu gün, 17:20
    • 76

2030-cu ilə qədər bu xəstəlik yoxa çıxa bilər

UNAIDS-in hesabatında dünyada İİV-ə yoluxmuş 39,9 milyon nəfərdən 9,3 milyonunun adekvat müalicə almadığı məlum olub.

News24.az xəbər verir ki, məlumatda hər dəqiqə bir nəfərin QİÇS ilə əlaqəli səbəblərdən öldüyü bildirilib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni hesabatında deyilir ki, dünya liderləri resursları artırsa və insan hüquqlarını gücləndirsə, QİÇS (Qazanılmış İmmunçatışmazlığı Sindromu) aradan qaldırıla bilər.

BMT-nin HİV/AİDS üzrə Birgə Proqramının (UNAIDS) bazar ertəsi dərc etdiyi hesabatda ölkələrin 2030-cu ilə qədər QİÇS-ə son qoymaq üzrə öhdəliklərini yerinə yetirib-yetirməmək barədə qərar verə biləcəkləri kritik nöqtədə olduqları vurğulanıb.

Hesabat dünya liderlərinin bu il qəbul etdikləri qərarların milyonlarla insanın taleyini və QİÇS-ə qalib gəlib-gəlmədiyini müəyyən edəcəyini proqnozlaşdırıb.

Qeyd edilir ki, hazırda uğurlu irəliləyişlərə baxmayaraq, yoluxmuş hər dörd nəfərdən birinin hələ də müalicəyə çıxışı yoxdur.


HİV/QİÇS NƏDİR?

İlk dəfə 1980-ci illərdə ortaya çıxan HİV (İnsan İmmunçatışmazlığı Virusu - İİV) birbaşa immunitet sistemini zədələyir. Bu virus bədənin müqavimətini azaldır, insanların asanlıqla xəstələnməsinə səbəb olur.

QİÇS, HİV virusunun immunitet sistemini zəiflətməsindən sonra baş verən bir xəstəlik olaraq təyin olunur. QİÇS İİV-in son mərhələsidir.

Əgər liderlər bu gün düzgün qərarlar qəbul etsələr, 2050-ci ilə qədər İİV-lə yaşayan və ömürlük müalicəyə ehtiyacı olan insanların sayının təxminən 29 milyona düşəcəyi təxmin edilir.

Digər tərəfdən, yanlış qərarlar veriləcəyi təqdirdə bu rəqəmin 46 milyona yüksələcəyi proqnozlaşdırılır.

Bildirilir ki, QİÇS-dən müalicə alanların sayı 2010-cu ildəki 47 faizdən bu gün 75 faizə yüksəlib. Müalicə imkanlarının artması 2010-cu ildən bəri QİÇS-lə bağlı ölümlərin yarıya enməsində həlledici rol oynayıb.

2023-cü ilin məlumatlarına görə, QİÇS-dən ölənlərin sayı 1,3 milyondan 630 minə qədər azalıb.

UNAIDS-in hesabatına görə, bir çox ölkələr yeni infeksiyaların qarşısının alınmasında irəliləyiş əldə etsə də, Yaxın Şərq, Şimali Afrika, Şərqi Avropa, Mərkəzi Asiya və Latın Amerikasında yeni infeksiyaların sayı artıb.

"Ölkələr 2030-cu ilə qədər QİÇS epidemiyasına son qoymaq istiqamətində böyük irəliləyişlər əldə edirlər, lakin səylərimizi ləngidə biləcək bir çox problem var. Daim səsimizi duyurmaq və fəal olmaq üçün əlimizdən gələni etməliyik. Bu nöqtədə uğursuzluq bir seçim deyil. Bu, hətta ağlasığmazdır. Biz hamımız birlikdə çalışsaq, ümumi məqsədimizə nail ola bilərik”, - deyə Ağ Evin keçmiş sağlamlıq müşaviri və yoluxucu xəstəliklər üzrə mütəxəssisi Dr. Entoni Fauçi deyib.//Medicina.az