BMT: 2030-cu ilədək QİÇS-in ictimai sağlamlığa təhlükəsi aradan qaldırılmalıdır
    • Bu gün, 19:58
    • 75

BMT: 2030-cu ilədək QİÇS-in ictimai sağlamlığa təhlükəsi aradan qaldırılmalıdır

Birləşmiş Millətlər Təşkilatı bildirib ki, bu il qəbul edilən siyasi qərarlar 2030-cu ilə qədər QİÇS-in ictimai sağlamlığa yaratdığı təhlükəni aradan qaldırmaq məqsədinə nail olunması əzmini müəyyən edəcək.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, 2023-cü ilə olan rəqəmlər yeni infeksiyaların və ölüm hallarının azaldığını, habelə HİV-ə yoluxan xəstələrin müalicə imkanlarının yaxşılaşdığını göstərir. Amma bu rəqəmlər müsbət görünsə də, UNAIDS agentliyi irəliləyişin kövrək olaraq qaldığı barədə xəbərdarlıq edib: “Liderlərin cari ildə qəbul etdiyi qərarlar ölkələrin 2030-cu ilə qədər QİÇS-in ictimai sağlamlıq təhlükəsi kimi aradan qaldırılması hədəfinə nail olub-olmayacağını və 2030-cu ildən sonra da bu istiqamətdə irəliləyişi təmin edə biləcəyini müəyyən edəcək”.

QİÇS epidemiyasının meydana çıxmasından sonra ötən dörd onillikdən çox müddət ərzində bu virus 42 milyondan çox insanın ölümünə səbəb olub. Ölüm halları 2022-ci ildə 670 mindən keçən il 630 minə düşüb. Amma bu rəqəm hələ də başgicəlləndirici dərəcədə yüksək olaraq qalır.

UNAIDS-in rəhbəri Vinni Byanyima dünyanın 2030-cu ilə qədər iddialı hədəflərə çatmaq yolunda olmadığı barədə xəbərdarlıq edərək bildirib ki, hər dəqiqə bir insan QİÇS-lə əlaqəli səbəblərdən həyatını itirir. Onun sözlərinə görə, HİV pandemiyasına səbəb olan bərabərsizliklər də kifayət qədər həll edilmir.

BMT-nin hesabatında deyilir ki, hazırda 40 milyona yaxın insan QİÇS-ə səbəb ola bilən HİV virusu ilə yaşayır. Keçən il təxminən 1,3 milyon yeni yoluxma qeydə alınıb və bu, 2022-ci illə müqayisədə 100 min azalma və 1995-ci ildəki 3,3 milyonluq zirvədən bəri dramatik 60 faiz azalma deməkdir. Lakin uzunmüddətli tendensiya hələ də UNAIDS-in 2025-ci ildə cəmi 330 min yeni infeksiya hədəfinə çatmaq hədəfindən uzaqdır. Eyni zamanda, antiretrovirus dərmanlara əlçatanlıq da xeyli yaxşılaşıb, lakin müalicə prosesi əsas problem olaraq qalır. Belə ki, 2010-cu ildəki cəmi 7,7 milyon insanla müqayisədə ötən il 30,7 milyon nəfər analoji müalicə alıb.

İyulun 22-də Münxendə keçirilən 25-ci Beynəlxalq QİÇS-lə Mübarizə Konfransında bildirilib ki, Şərqi və Cənubi Afrikada indiyədək 20,8 milyon insan HİV-ə yoluxub, keçən il bu regionda 450 min yoluxma halı qeydə alınıb. Eyni zamanda, Şərqi Avropa, Mərkəzi Asiya və Latın Amerikası kimi bölgələrdə infeksiyalar artır.

UNAIDS-in məlumatına görə, 2023-cü ildə İİV üçün mövcud olan ümumi resurslar 19,5 milyard ABŞ dolları təşkil edib ki, bu da 2022-ci illə müqayisədə beş faiz və tələb olunandan 9,5 milyard ABŞ dolları azdır.