Bu tarixdə yeni qatarlar gətiriləcək
    • 25-07-2024, 16:15
    • 330

Bu tarixdə yeni qatarlar gətiriləcək

"İlin sonuna qədər Bakı Metropoliteninə 7 yeni nəsil qatarın gətirilməsi gözlənilir. Hal-hazırda ilk qatarların Bakıya göndərilməsi məqsədilə son tədbirlər görülür. Bakı Metropoliteninə mərhələ ilə gətiriləcək qatarlar müvafiq yoxlamalardan sonra, xəttə buraxılacaq".

News24.az bildirir ki, bu sözləri Metbuat.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, hazırda Bakı Metropoliteninin vaqon parkı 61 qatardan ibarətdir:

"Hazırda Bakı metropoliteninin istifadəsində 321 vaqondan ibarət 61 qatar tərkibi var. Onlardan 23 qatar tərkibi, yəni 115 vaqon yeni nəsil mikro-iqlim nəzarəti sistemi ilə təhciz olunmuş, innovasiyalar baxımından 4-cü nəsilə məxsus qatarlardır. Bu qatarlar yalnız sərnişin axını və sayına görə, Yaşıl və Qırmızı xətlər üzrə hərəkət edir. İlin sonuna qədər isə daha 7 qatar tərkibindən ibarət 35 yeni vaqon Bakıya gətiriləcək, yoxlanışdan sonra xəttə buraxılacaq".

Hazırda vaqon parkının 30 faizdən çoxu yeni nəsil qatarlardır. Lakin faktiki olaraq xətdə hərəkət edən qatarlara nəzər salsaq, Yaşıl və Qırmızı xətt üzrə 40-43 qatar hərəkət edir. Qatarlar 12-20 saat xətdə olduqdan sonra mütləq texniki baxış, qulluq məqsədilə eletrik deposuna göndərilir".

B. Məmmədov qeyd edib ki, metropolitenin Bənövşəyi xətti üzrə yalnız köhnə qatarlar hərəkət edir.


Qurum sözçüsü onu da qeyd edib ki, Bakı metropoliteni gələn ilin sonuna qədər 4 qatar tərkibindən ibarət 20, 2026-cı ildə isə 10 vaqonluq 2 yeni qatar gətirəcək.