-
- 25-07-2024, 22:56
- 847
Qarın yağları demans və Parkinson xəstəliyi riskini artırır
Çinin Siçuan Universitetinin alimləri müəyyən ediblər ki, qarın nahiyəsində və qollarda piylərin yığılması demans və Parkinson xəstəliyinin inkişaf riskini artırır.
News24.az "Unikal"a istinadən xəbər verir ki, tədqiqatın nəticələri "Neurology" jurnalında dərc olunub.
Tədqiqatda orta yaşı 56 olan 412 691 insan iştirak edib. Birinci mərhələdə bütün subyektlərin bədən quruluşu qiymətləndirilib. Alimlər iştirakçıların bel və omba ölçülərini, tutma gücünü, sümük sıxlığını və bədəndəki yağın əzələ kütləsinə nisbətini ölçüblər. Bundan sonra iştirakçının müşahidə mərhələsi başlanılıb. Doqquz il ərzində alimlər tədqiqat qrupunda bütün demans və Parkinson xəstəliyini qeydə alıblar.
Nəticələr göstərir ki, qollarında çox miqdarda piy olan insanların yuxarı ətrafları daha incə olanlara nisbətən bu xəstəliklərə tutulma ehtimalı 18% daha çoxdur. Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, ümumilikdə qarın nahiyəsində piyli insanlarda demans və Parkinson xəstəliyinə tutulma ehtimalı 13% çoxdur.
Alimlərin sözlərinə görə, bu əlaqə, əsasən, artıq çəkisi olan insanlarda ürək və damar xəstəliklərinin təsiri ilə bağlıdır. Fakt budur ki, ürək-damar xəstəlikləri (məsələn, infarkt və insult) və neyrodegenerativ xəstəliklər arasında ümumi bioloji inkişaf yolları var.