Beş nəfərlik ailə vəhşicəsinə qətlə yetirildi
    • 29-07-2024, 13:18
    • 1 947

Beş nəfərlik ailə vəhşicəsinə qətlə yetirildi

Özbəkistanda dəhşətli qətl hadisəsi baş verib. Daşkənd vilayətində naməlum şəxs üçü azyaşlı uşaq olmaqla beş ailə üzvünü qətlə yetirib.

News24.az musavat.com-a istinadla xəbər verir ki, cinayətkar evi yandıraraq yoxa çıxıb.

Bildirilir ki, evdə 3-ü uşaq olmaqla 5 nəfərin yanmış meyidi tapılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, iyulun 26-da saat 06:19-da rayon Fövqəladə Hallar İdarəsinə Yeniyul rayonu, Nurəfşon küçəsində yerləşən evdə yanğın olması barədə məlumat daxil olub.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüb. Evə baxış zamanı 5 nəfərin (1991-ci il təvəllüdlü kişi, 1999-cu il təvəllüdlü qadın, 2021 və 2022-ci il təvəllüdlü iki oğlan və 2018-ci il təvəllüdlü qız) meyitləri aşkar edilib. Ölənlərin bədənində müxtəlif dərəcəli xəsarətlər olub.

Faktla bağlı Yeniyul rayon prokurorluğu tərəfindən “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 29 yaşlı şübhəli şəxsi saxlayıb.

Baş Prokurorluqdan bildirilib ki, saxlanılan şəxs qətlə yetirilən ailə başçısının qohumudur. İlkin məlumata görə, cinayətə səbəb borc olub.