Kontakt linza ilə duş qəbul edib KOR OLDU
    • 5-08-2024, 20:25
    • 584

Kontakt linza ilə duş qəbul edib KOR OLDU

Texas ştatının gənc sakini Rachel Prochnow kontakt linzalar taxaraq çimdikdən sonra bir gözü kor olub. 

News24.az xəbər verir ki, görmə itkisinin səbəbi Acanthamoeba'nın gözün səthinə düşməsi olub.

Məlumata görə, qız on iki yaşından kontakt linza taxmağa başlayıb və həmişə gözlərinin sağlamlığına fikir verib. O, gecə saatlarında linzaları diqqətlə çıxarıb, ciddi gigiyena qaydalarına riayət edərək onları hərtərəfli təmizləyib və saxlama qablarını dəyişdirib. 

Lakin o, linzaları taxaraq duş qəbul etməyin gözlərinə zərər verə biləcəyini heç ağlına belə gətirməyib.

Üzgüçülük zamanı sağ gözündə yanma hiss edib. Bundan sonra o, işığa həddindən artıq reaksiya verməyə başlayıb və ağrı dözülməz həddə qədər güclənib. 

Həkimlər Texas sakininə Acanthamoeba amöbasının buynuz qişaya nüfuz etməsi nəticəsində yaranan nadir xəstəlik olan acanthamoeba keratit diaqnozu qoyublar.

Qeyd edək ki, bu təkhüceyrəli parazit gölməçələrdə, kran suyunda, havada və torpaqda yaşayır. Birləşmiş Ştatlarda hər il təxminən 1500 Acanthamoeba infeksiyası hadisəsi bildirilir ki, bunun da 90%-i kontakt linzalar taxan insanlarda baş verir. Onların təqribən 40%-i buynuz qişanın transplantasiyası tələb edir, lakin əməliyyatdan sonra belə görmə yalnız qismən bərpa olunur.


Məryəm İlhamqızı