Banqladeşdə etiraz aksiyaları - ÖLƏNLƏR VAR
    • 5-08-2024, 19:16
    • 215

Banqladeşdə etiraz aksiyaları - ÖLƏNLƏR VAR

Banqladeşin paytaxtında bu gün(avqustun 5-i) keçirilən etirazlar zamanı azı 10 nəfər ölüb. 

News24.az xəbər verir ki, bu barədə "The Daily Observer" yazıb.

Əldə olan məlumata görə, 100-ə yaxın insan xəstəxanaya yerləşdirilib.

AFP daha əvvəl yerli polis və tibb işçilərinə istinadla bildirib ki, etirazlar zamanı azı 300 nəfər ölüb. Bu arada, "India Today" telekanalı qeyri-rəsmi mənbələrə istinadən qurbanların sayının 1000-dən 1400-ə qədər ola biləcəyini bildirib.

Ölkənin baş naziri Şeyx Hasina istefa verərək ölkəni tərk etsə də, etirazçılar Dəkkə və digər şəhərlərin küçələrində hələ də qalmaqdadır. Banqladeş ordusu atışmanı dayandıracağını vəd edərək və vətəndaşları asayişə riayət etməyə çağıraraq ölkəni müvəqqəti nəzarətə götürüb.

Banqladeş müvəqqəti hökumət qurmağı planlaşdırıb.

Xatırladaq ki, tələbələr iyulun əvvəlində Banqladeşin müxtəlif şəhərlərində küçələrə çıxaraq 1971-ci il müstəqillik müharibəsi iştirakçılarının qohumları üçün iş kvotalarının ləğvini tələb ediblər. 

Bundan sonra respublikada vəziyyət gərginləşib, nümayişlər iğtişaşlara çevrilib. Avqustun 4-də paytaxt Dəkkə və Banqladeşin digər şəhərlərində hökumət əleyhinə etirazlar yenidən alovlanıb.

"The Daily Star" qəzetinin məlumatına görə, iğtişaşlar başlayandan bəri ən azı 10 000 adam həbs edilib.

Məryəm İlhamqızı