"Buraxılış imtahanında iştirak vacibdir" - BŞTİ-dən Elinanın rəfiqəsinin anasına cavab
    • 1-06-2019, 15:53
    • 1 020

"Buraxılış imtahanında iştirak vacibdir" - BŞTİ-dən Elinanın rəfiqəsinin anasına cavab

162 saylı məktəbdə intihar edən Elinanın rəfiqəsi, İX sinif şagirdi Züleyxa Şirinovanın anası Leyla Şirinovanın qızının məktəbinin dəyişdirilməsi ilə bağlı narazılıqları ilə bağlı News 24.az-ın sorğusuna cavab olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsindən münasibət bildirilib.

Xatırladaq ki, Z. Şirinova saytımıza açıqlama verərək qızının rəfiqəsinin ölümüdən sonra intihar olayının baş verdiyi məktəbdə təhsilini davam etdirə bilmədiyini deyib. O qeyd edib ki, məlum olaydan sonra məktəbli ağır psixoloji sarsıntı keçirib. Bu səbəbdən də uzun müddətdir ki, təhsildən yayınıb. Bununla bağlı o, Təhsil Nazirliyinə qızının məktəbinin dəyişdirilməsi üçün müraciət edib. Amma nazirlik onun müraciəti ilə bağlı heç bir addım atmayıb. Buna rəğmən, 162 saylı orta məktəbin rəhbərliyi qızını imtahanda iştirak etməyə çağırır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə Züleyxa Şirinovanın anasının narazılıqlarına belə münasibət bildirilib: “162 nömrəli tam orta məktəbin IX sinif şagirdi Züleyxa Şirinovanın təhsil aldığı məktəbin dəyişdirilməsi ilə bağlı valideyninin müraciəti əsasında 2019-cu ilin aprel ayından onlara yaxın ərazidə yerləşən bir neçə ümumi təhsil müəssisəsi təklif olunub. Dəfələrlə valideyn Leyla Şirinova məktəbə dəvət edilib, onunla məktəb rəhbərliyi, müəllimlər və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları söhbət aparıblar. Lakin təəssüflər olsun ki, valideyn Leyla Şirinova hər dəfə müxtəlif səbəblər gətirərək məktəb seçimini dəyişib və təəssüflər olsun ki, bu müddətdə övladını təhsildən yayındırıb.
Onu da qeyd edək ki, 2019-cu ilin aprel ayında Elina Hacıyevanın 162 nömrəli tam orta məktəbdə təhsil alan 2 nəfər qohumu (VII və VIII sinif şagirdləri) valideynlərinin müraciəti əsasında Səbail rayonu ərazisində fəaliyyət göstərən digər məktəbə köçürülüb və bunu valideynlər də razılıqla qarşılayıb.

IX sinif şagirdi Züleyxa Şirinovanın məktəb tərəfindən imtahana dəvət olunması məsələsinə gəlincə, bu, məktəb tərəfindən deyil, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumtəhsil müəssisələrinin IX sinfində təhsil alan şagirdlər üçün onların oxuduqları bütün müddət ərzində əldə etdikləri bilik və bacarıqların yoxlanılması üçün təşkil olunmuş buraxılış imtahanıdır. Buraxılış imtahanında iştirakın şagirdin hansı məktəbdə oxuması ilə heç bir əlaqəsi yoxdur.

DİM tərəfindən ümumtəhsil müəssisələrinin IX sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanının birinci mərhələsi martın 3-də keçirilib, ikinci mərhələsinin isə iyunun 2-də keçirilməsi nəzərdə tutulub. 

Qeyd etmək lazımdır ki, buraxılış imtahanı şagirdlərin təhsil aldıqları məktəblərdə deyil, DİM tərəfindən müəyyən edilmiş imtahan mərkəzlərində keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bir daha valideyn Leyla Şirinovaya müraciət edərək övladı Züleyxa Şirinovanın DİM tərəfindən keçirilən imtahanda iştirak etməsinin zəruri olduğunu bildirir. Məktəb seçiminə gəldikdə isə, İdarə tərəfindən təklif edilmiş onlara yaxın ərazidə yerləşən bir neçə ümumi təhsil müəssisəsindən birini seçərək yekun fikrini bildirməsini və övladının təhsilinə daha məsuliyyətli yanaşmasını tövsiyə edirik.