İsraildə diplomatik pasport qalmaqalı
    • 7-08-2024, 18:30
    • 250

İsraildə diplomatik pasport qalmaqalı

İsrail polisi keçmiş xarici işlər naziri Eli Kohenin dövründə qeyri-qanuni diplomatik pasportlar verildiyini əsas gətirərək nazirliyin ofisinə basqın edib.

News24.az xəbər verir ki, İsrail polisi keçmiş xarici işlər nazirinin dövründə Baş nazir Binyamin Netanyahunun oğlu da daxil olmaqla, diplomatik pasportların lazımi şərtlərə cavab verməyən şəxslərə verildiyi əsası ilə apardığı araşdırma zamanı nazirliyin ofisində bəzi sənədləri ələ keçirib. 

Kanal13-ün məlumatına görə, gizli araşdırma çərçivəsində polisin müvafiq bölməsi səhər saatlarında Qərbi Qüdsdə Xarici İşlər Nazirliyinin binasındakı ofislərə basqın edib. Polis mənbələri, əvvəlki xarici işlər naziri dövründə Yair Netanyahu və Likud Partiyasından yerli idarəçilərə qeyri-qanuni diplomatik pasportlar verildiyi səbəbi ilə bəzi sənədlərin ələ keçirildiyini paylaşıb.

Polis sözçüsü məsələ ilə bağlı bir neçə həftə əvvəl gizli araşdırma açıldığını desə də, istintaqın hansı adları əhatə etdiyini açıqlamayıb.

Qeyd edək ki, Haaretz qəzeti bir müddət əvvəl baş nazirin oğlu Yair Netanyahuya diplomatik pasportun prosedurları pozaraq verildiyi iddiasını irəli sürmüşdü. Yair Netanyahu İsrail ordusunun oktyabrın 7-də keçirilən səfərbərlik çağırışına qatılmaqdan imtina etməsi və Mayamidə qalmağa davam etməsi, İsrail kəşfiyyatının onu orada himayə etməsi və sosial şəbəkələrdəki mübahisəli paylaşımlarına görə tez-tez İsrail mətbuatında gündəmə gəlir.

Məryəm İlhamqızı