Nazirlər Kabineti “Salaam Cinema Baku”nun binası üçün AMEA-a müraciət edib
    • 3-06-2019, 13:56
    • 1 057

Nazirlər Kabineti “Salaam Cinema Baku”nun binası üçün AMEA-a müraciət edib

Nazirlər Kabineti "Salaam Cinema Baku" kinoteatrının yerləşdiyi binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınmasına rəy verməsi üçün Milli Elmlər Akademiyasına müraciət edib. 

News24.az
"Report"a istinadla xəbər verir ki, bu haqda Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib. 

"Xalqımızın keçmişini özündə yaşadan, əsrlərin sınağından çıxmış qədim tarixi-mədəni abidələrimizi qoruyaraq gələcək nəsillərə çatdırmaq hər birimizin ən ümdə vəzifəsidir. Bu gün mədəni irsimizin qorunması, inkişafı və təbliği istiqamətində Azərbaycan höküməti tərəfindən təxirəsalınmaz tədbirlər görülür, bu sahədə vəziyyət daim diqqət mərkəzindədir", - deyə hökumətin Mətbuat xidmətindən bildirilib. 

"Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsü siyahısına əlavələr edilməsi ilə bağlı Nazirlər Kabinetinə mütəmadi olaraq müxtəlif dövlət qurumlarından müvafiq təkliflər daxil olur. Həmin təkliflər Nazirlər Kabinetində qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə digər səlahiyyətli dövlət orqanlarının da rəyi nəzərə alınmaqla nəzərdən keçirilir.

Sizin Nazirlər Kabinetinə sorğunuzda adı qeyd olunan, Bakı şəhəri Süleyman Rüstəm küçəsi 10 ünvanında yerləşən tarixi bina artıq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yeni aşkar olunan tarixi abidələr siyahısına salınıb.
Mədəniyyət Nazirliyi eyni zamanda bu binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınması təşəbbüsü ilə Nazirlər Kabinetinə müraciət edib. Nazirlər Kabineti qanunvericiliyə uyğun olaraq bu təklifə zəruri rəy verilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasına müraciət ünvanlayıb. Tarixi bina ilə bağlı AMEA-nın rəyi nəzərə alınaraq müvafiq qərar qəbul ediləcək", məlumatda vurğulanıb. 

Qeyd edək ki, “Malakanların evi” kimi tanınan bina özəl mülkiyyətdədir. Hazırda binada "Salaam Cinema Baku” kinoteatrı fəaliyyət göstərir. Mayın əvvəlində mülkün sahibi müqavilənin vaxtı bitdiyi üçün kinoteatrı binadan çıxarıb oranı təmir etmək istəyirdi. Lakin kinoteatrın əməkdaşları binadan çıxmaqdan imtina ediblər. Onlar mülkiyyətçinin binanı sökəcəyini iddia edirdilər.

"Salaam Cinema Baku” əməkdaşları məsələ ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlamışdılar. Birinci vitse-prezident məsələni nəzarətə götürüb.