Mpox epidemiyasına qarşı fövqəladə vəziyyət elan edildi
    • 14-08-2024, 16:21
    • 375

Mpox epidemiyasına qarşı fövqəladə vəziyyət elan edildi

Afrika Birliyi, sürətlə yayılan M çiçəyi(mpox) virusuna qarşı qitə miqyasında ictimai sağlamlıq üçün fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. 

News24.az xəbər verir ki, bu il avqustun 8-dək Afrikanın 13 ölkəsində 2822 nəfər virusa yoluxub, 14719 şübhəli hal qeydə alınıb. 

Virusdan 517 nəfər ölüb, onlardan 511-i Konqo Demokratik Respublikasında (KDR) olub. M çiçəyi virusu siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən ötürülür.

İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər. Virus ümumiyyətlə yüksək hərarət, baş, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə və dəridə qabarcıqlara səbəb olur. 

Spesifik müalicə üsulu olmayan xəstəlik antiviral dərmanlarla müalicə olunur. Əksər hallarda xəstəlik yüngül formada keçir və bir neçə həftə ərzində sağalır. 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2022-ci ildə irqçilik və ayrı-seçkiliklə bağlı narahatlıqlara görə "meymun çiçəyi" adını "mpox" olaraq dəyişdirib.

Məryəm İlhamqızı