-
- 15-08-2024, 14:16
- 362
44 və 60 yaşlıların nəzərinə - ARAŞDIRMA
Alimlərin son araşdırması yaşlanma ilə bağlı yeni bilinməyən detalları ortaya çıxarıb.
News24.az “The Guardian”-a istinadən xəbər verir ki, insanlarda birdən-birə qırışların yaranması, ağrı və ağrıların artması, bir gecədə çökmə hissinin yaranmasının səbəbi 44-60 yaş arasında yaşanan qocalma dalğalarıdır.
Stanford Universitetində aparılan bir araşdırma müəyyən dövrlərdə yaşa bağlı sağlamlıq problemlərində, o cümlədən dayaq-hərəkət sistemi problemləri və ürək-damar xəstəliklərində ani artımların olduğunu müəyyən edib.
Tədqiqatda 25-75 yaş arası 108 könüllüdən təxminən yeddi il ərzində bir neçə ayda bir qan və nəcis nümunələri, dəri, ağız və burun çubuq nümunələri götürülüb.
Nümunələrdəki 135 min müxtəlif molekul (RNT, zülal və metabolitlər) və mikroorqanizmlər (bağırsaqlarda və dəridə yaşayan bakteriya, virus və göbələklər araşdırılıb.
Tədqiq olunan molekul və mikroorqanizmlərdəki dəyişikliyin mərhələli, xronoloji şəkildə baş vermədiyi müşahidə edilib. Məlum olub ki, əsas dəyişikliklər 40 yaşın ortaları və 60 yaşın əvvəllərində baş verir.
Tədqiqatın aparıcı müəllifi Sinqapur Nanyang Texnologiya Universitetindən Dr. Xiaotao Shen, menopozun 40 yaşının ortalarında qadınlarda dəyişikliklərə kömək edə biləcəyini deyərək, qeyd edib:
"Araşdırma nəticələri həm kişilərdə, həm də qadınlarda bu dəyişikliklərə təsir edən, ehtimal ki, başqa, daha vacib amillərin olduğunu göstərir".
Dəyişikliklərin ilk dalğası kofein, spirt və lipidlərin, ürək-damar xəstəlikləri ilə əlaqəli molekulların metabolizə qabiliyyətində, ikinci dalğa isə immun sistemdə, karbohidrat mübadiləsində və böyrəklərin fəaliyyətində müşahidə edilib.
Hər iki dəyişiklik dövründə dəri və əzələ yaşlanması ilə əlaqəli molekullarda problemlər müşahidə edilib.
Tədqiqat əvvəlki tədqiqatlarla paralellik göstərdi ki, bir çox yaşa bağlı xəstəliklərin riski tədricən artmır, lakin 60 yaşdan sonra Alzheimer və ürək-damar xəstəlikləri riski sürətlənir.
Digər tərəfdən, bəzi dəyişikliklərin həyat tərzi və ya davranış faktorları ilə əlaqəli ola biləcəyi ifadə edilib.
Məsələn, 40-lı yaşlarda, stresli bir dövrdə artan spirt istehlakı ilə spirt metabolizmasındakı dəyişikliyə səbəb ola biləcəyi irəli sürülür.
Tədqiqatçılar qeyd edirlər ki, tapıntılar daha sürətli əzələ itkisi dövründə məşqləri artırmaq kimi tədbirlərin sağlamlığın qorunmasına kömək edə biləcəyini göstərir.
Günel Məlikzadə