15 yaşına çatmamış uşaqları işə götürən şəxs məsuliyyətə cəlb edilir - FOTO
    • 4-06-2019, 11:49
    • 777

15 yaşına çatmamış uşaqları işə götürən şəxs məsuliyyətə cəlb edilir - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Tovuz rayonunda “Uşaq əməyinin istismarının qarşısının alınması” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirmə tədbiri keçirib.

Tədbirdə idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin sahibkarlar iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, iştirakçılar uşaq əməyinin istismarı, məcburi əmək və insan alveri ilə mübarizədə mövcud olan beynəlxalq konvensiyalar və ölkə qanunvericiliyi barədə məlumatlandırılıb və mövzu ilə bağlı müzakirələr aparılıb.

Bildirilib ki, Əmək Məcəlləsinin 12-ci maddəsinin tələblərinə əsasən 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. Qeyd olunan hal ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 192.8-ci və 192.9-cu maddələrinə əsasən inzibati məsuliyyət nəzərdə tutulub.

Qeyd edilib ki, Əmək Müqaviləsi Bildirişlərinin Elektron İnformasiya Sistemi 15 yaşdan aşağı olan şəxslərlə hər hansı əmək müqaviləsinin qeydiyyatdan keçirilməsinə və rəsmiləşdirilməsinə imkan vermir. Başqa sözlə, sistem belə müqavilələri avtomatik müəyyən edir və onlarla bağlı  bildirişləri heç bir halda qeydiyyat üçün qəbul etmir.

Qeyri-rəsmi məşğulluğun mənfi nəticələri barədə də məlumat verilib.

Əmək münasibətlərinin qeyri-leqal şəkildə həyata keçirilməsinin işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olduğu vurğulanıb.