Uşaq əməyinin istismarının qarşısının alınmasına dair TƏDBİR KEÇİRİLİB
    • 11-06-2019, 14:36
    • 874

Uşaq əməyinin istismarının qarşısının alınmasına dair TƏDBİR KEÇİRİLİB

Azərbaycan qanunvericiliyi uşaq əməyinin istismarını qadağan edir. Uşaq əməyinin istismarı qanuna zidd olmaqla, uşağın fiziki və mənəvi inkişafına da zərər vurur, əksər hallarda onun təhsildən yayınması ilə müşahidə olunur.   

News24.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhərinin Nizami rayonunda yerləşən orta məktəbdə yuxarı sinif şagirdləri üçün “Uşaq əməyinin istismarının qarşısının alınması” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında keçirdiyi maarifləndirmə tədbirində vurğulanıb. Tədbirdə qeyd edilib ki, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır.

Habelə onlar əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən gecə klublarında, barlarında, kazinolarda işlərə cəlb edilə bilməzlər.
Əmək münasibətləri sahəsində uşaq hüquqları, uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə, barədə geniş məlumatlar verilib. Yaşı 18-dən az olan işçilərin əməyindən istifadə zamanı onlar üçün əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. baxımından qanunvericilikdə nəzərdə tutulan əlavə təminatlar, güzəştlər diqqətə çatdırılıb.

 “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusundan da bəhs olunub. Əmək münasibətlərinə daxil olan hər bir şəxslə ilk növbədə əmək müqaviləsi bağlanmasının vacibliyi, əmək müqaviləsinin işçinin əmək və sosial təminat hüquqları üçün əsas yaratdığı vurğulanıb, iştirakçıların sualları cavablandırılıb.