Bu gün dünya müsəlmanları Ramazan bayramını qeyd edir
    • 5-06-2019, 00:42
    • 1 788

Bu gün dünya müsəlmanları Ramazan bayramını qeyd edir

Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-i saat 08:00-da Əjdərbəy məscidində, saat 09:00-da isə Təzə Pir məscidində bayram namazı qılınacaq.


Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) News24.az-a verilən məlumata görə, Qazilər Şurasının verdiyi fətvada qeyd olunur ki, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edir.

Orucluğun mühüm əməllərindən biri olan fitrə zəkatı hər il Ramazan ayının son günü çıxarılır.  QMİ–dən bildirilir ki, orucluğun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə zəkatı Yaradana şükrün bir ifadəsi və canın sədəqəsi hesab olunur.

Fitrə zəkatı bayram namazına qədər çıxarılmalıdır. Ailə üzvlərinin hər birinin adından 3 kiloqram arpa, buğda, xurma, kişmiş, düyü və s. ərzaq növlərini fitrə zəkatı çıxarmaq lazımdır. Builki təqvimə əsasən, fitrə zəkatı iyunun 4-də axşam saatlarından iyunun 5-dək, daha dəqiq desək, bayram namazına qədər (08:00 və ya 09:00-a qədər) çıxarılması vacibdir. Fitrə zəkatı ehtiyacı olanlara verilməlidir. Hədislərdə qeyd olunur ki, fitrə zəkatı verməyənin orucu qəbul olunmaz.

Bu, orucun qəbul olunmasının şərtlərindən biridir. Maddi baxımdan imkanı olan müsəlmanın, ailəsinin hər bir üzvü üçün, fitrə zəkatı çıxarıb imkansızlara və ehtiyac sahiblərinə verməsi vacibdir. Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür”. 

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayıb. İyunun 5-i və 6-sı Azərbaycanda Ramazan bayramıdır.