NASA böyük uğursuzluq yaşayır
    • 20-08-2024, 20:11
    • 191

NASA böyük uğursuzluq yaşayır

“Boeing” tərəfindən istehsal olunmuş “Starliner” kosmik gəmisində NASA-nın 2 kosmonavtı çarəsiz vəziyyətdə qalaraq geri dönə bilmir. Kosmonavtlar iyunun 5-i kosmik gəmi ilə sınaq uçuşu keçirib. Kosmik gəmi Florida ştatından kosmosa buraxılıb. Kosmonavtların kosmosda 1 həftə qalması planlaşdırılıb. Lakin texniki nasazlıq səbəbindən kosmonavtlar çətin vəziyyətə düşüb.  Və artıq 3-cü aydır ki,  kosmosdadırlar. NASA kosmonavtların təcili surətdə, tezliklə geri dönüş etmələri üçün çalışır, amma hələ ki bir nəticə hasil olmayıb. 

News24.az “Sherg.az”-a istinadən qeyd edir ki, NASA müxtəlif variantları gözdən keçirir. Variantlardan biri, amerikalı kosmonavtların  Rusiyanın “Soyuz” kapsulu ilə geri dönə bilməsidir. Lakin ABŞ-də hesab edirlər ki, hazırkı siyasi vəziyyətdə - Rusiya ilə münasibətlərin gərgin olduğu bir vaxtda bunu etmək doğru deyil. Yəni kosmonavtlar lap 1 il qoy kosmosda qalsın, təki Rusiyanın iştirakı ilə xilas gerçəkləşməsin. Digər bir yol, SpaceX-in “Dragon” kapsulu ilə kosmonavtların geri gətirilməsidir. Lakin “Dragon” kapsulu cəmi 4 nəfərlikdir. Bu kapsul “Crew8” vəzifəsini daşıyır və Beynəlxalq Kosmos Stansiyasındadır. Orada 4 kosmonavt çalışır. 4 nəfərlik kapsula 6 nəfər sıxışa bilərmi və bu uçuş təhlükəsiz ola bilərmi? NASA hazırda bunun üzərində işləyir. Bu gedişlə kosmonavtların geri dönüşü 2025-ci ilədək çəkə bilər. Bu isə NASA üçün böyük uğursuzluq deməkdir.