-
- 22-08-2024, 09:17
- 434
İran İsrailə niyə "cavab" VERMİR? - İran rəsmilərini nə narahat edir?
İran HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsinə görə cavab tədbirlərini təxirə salacağına işarə edib.
News24.az NTV-yə istinadən xəbər verir ki, bu barədə ölkə sərhədlərinin qorunmasına cavabdeh olan və cavab tədbirləri görəcəyi gözlənilən İran İnqilab Keşikçiləri bildirib.
İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü general Əli Məhəmməd Naini də əvvəlki kimi İsrail ərazisini birbaşa vura bilməyəcəklərini bildirib. O, qisas üsulunun fərqli ola biləcəyini vurğulayıb.
Naini deyib: "İranın cavabı əvvəlki əməliyyatlara bənzəməyə bilər. Cavabın xarakteri, ssenariləri və avadanlıqları həmişə eyni deyil. Onlar yaxşı hesablanmış və hədəfini lazımi anda vuran cavabımızı gözləməlidirlər" dedi.
İranın cavab tədbirləri təxirə salması ilə regionda hərtərəfli müharibə ehtimalının azaldığı qeyd edilir.
Eyni zamanda. Amerikanın New York Times qəzeti İranın milli maraqlarının ideoloji ambisiyalarından üstün olduğunu yazıb. Bildirilib ki, beynəlxalq diplomatiyadan çox daxili hesablamalar İranın dərhal qisas almasına mane olub.
Qəzetə danışan ekspertlər, Qərb ölkələri ilə münasibətləri yaxşılaşdırmaq istəyən İranın yeni prezidenti Məsud Pezeşkiyanın gündəminə zərər verə biləcəyindən narahat olduqları üçün qisasdan qaçınıldığı qənaətindədirlər.
Həmçinin vurğulanıb ki, İranın ali dini lideri Xamneyi üçün ən mühüm meyar rejimi qorumaqdır.
İran rəsmilərinin İsrailin cavab tədbirinə cavab olaraq elektrik stansiyalarını, neft emalı zavodlarını və nüvə obyektlərini hədəfə ala biləcəyindən narahat olduğu və belə bir hücumun İranı illərcə geri çəkə biləcəyi bildirilib. İsrailin İranı hədəfə alacağı təqdirdə iqtisadi böhranın dərinləşə biləcəyi, elektrik və yanacaq çatışmazlığı səbəbindən ölkədə etirazların başlaya biləcəyi ssenarisi də İran rəsmilərini narahat edir.
New York Times qəzeti, Hz. Hüseynin (ə) şəhadətinin 40-cı günü olan Ərbəin Mərasimlərinə görə qisas almasını təxirə salmış ola bilər. Aşura günündən 40 gün sonra keçirilən anım tədbirləri “Ərbəin” mərasimləri adlanır. Builki Ərbəin tədbirləri avqustun 25-də keçiriləcək. Bu hadisələr özünü şiə müsəlmanların lideri kimi görən İran üçün böyük əhəmiyyət kəsb edir.
İranı geridə saxlayan digər amil isə sentyabrın ortalarında Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclaslarıdır. Qeyd olunur ki, bu görüşlərə ilk dəfə qatılacaq İran prezidenti Pezeşkian müharibə deyil, sülh və dəyişiklik mesajları vermək istəyir.
Günel Məlikzadə