İran İsrailə cavab verəcək?
    • 6-08-2024, 08:54
    • 366

İran İsrailə cavab verəcək?

HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra bütün gözlər İrana çevrilib.

News24.az xəbər verir ki, Amerika Administrasiyası İranın cavab tədbirinin 24-48 saat ərzində başlaya biləcəyini açıqlayıb.

ABŞ dövlət katibi Antoni Blinken G7 ölkələrinin xarici işlər nazirləri ilə onlayn görüş keçirib. Blinken həmsöhbətlərindən mümkün cavab tədbirlərini mümkün qədər məhdudlaşdırmaq üçün İran və Hizbullaha təzyiq göstərmələrini istəyib.

Eyni zamanda, Axios internet saytının üç mənbəyə əsaslanaraq verdiyi xəbərə görə, Blinken cavabın həm İrandan, həm də Hizbullahdan gələcəyini bildirib.

Lakin o, aprelin 13-də İranın İsrailə hücumundan fərqli olaraq, necə cavab verəcəklərini bilmədiklərini bildirib.

Xatırladaq ki, aprelin 13-də Tehran ilk dəfə olaraq İsrail ərazisini birbaşa hədəfə alıb və təxminən 350 raket və pilotsuz uçan aparatdan istifadə edib.

Amerika Administrasiyası İsraili mümkün qisasdan qorumaq üçün Körfəzdəki hərbi varlığını artırır. Blinken bunun yalnız müdafiə məqsədi ilə edildiyini vurğulayıb. Mərkəzi Komandanlıq komandanı general Maykl Kurilla da mümkün hücuma hazırlıq üçün İsrailə göndərilib.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu da ordu və kəşfiyyat bölmələrinin rəhbərləri ilə görüşüb.

Görüşdə müdafiə naziri Yoav Qalant, Baş Qərargah rəisi Herzi Halevi, Mossad rəhbəri David Barnea və Şin Bet rəisi Ronen Bar iştirak edib. İsrail mətbuatının məlumatına görə, görüşdə İranın mümkün cavab tədbirləri ilə bağlı ssenarilər müzakirə olunub.

Onu da bildirək ki, “Times of Israel” xəbərinə görə, Tehranın hücuma keçmək üzrə olduğu barədə müəyyən kəşfiyyat məlumatı alınarsa, qabaqlayıcı hücumun həyata keçirilməsinə qərar verilib. Önləyici zərbə İsrailin öz kəşfiyyat məlumatlarına əsaslanması və bu kəşfiyyatın amerikalıların kəşfiyyatı ilə üst-üstə düşməsi şərti ilə edilib.

Günel Məlikzadə