Uşaqlı ailələrdə boşanmalar artır - RƏSMİ
    • 27-08-2024, 23:11
    • 573

Uşaqlı ailələrdə boşanmalar artır - RƏSMİ

Son illərdə Azərbaycanda uşaqlı ailələrdə boşanma faktlarının sayında daha sürətli artım müşahidə edilir. 

News24.az Sfera.az-a istinadən xəbər verir ki, 2023-cü ildə boşanma baş verən 21 688 ailənin 12 178-də, yəni 56 faizindən çoxunda uşaq olub. 

Uşağı olan boşanmış ailələrin sayında çoxuşaqlı ailələr üstünlük təşkil edir. Ötən il bir uşağı olan boşanmış ailələrin sayı 4 748 olduğu halda, iki və daha çox uşağı olan ailələrin sayı 7 430 olub. 

Əvvəlki illərin statistikasına nəzər yetirdikdə görürük ki, uşaqlı ailələrdə boşanma faktları son 10 ildə daha sürətlə artıb. Bunun nəticəsində indi dağılan ailələr arasında uşaqlı ailələrin sayı çoxluq təşkil edir. 

2016-cı ilə qədər boşanma baş verən ailələrin 50 faizindən çoxu uşaq olmayan ailələrdən ibarət idi. Məsələn, 2013-cü ildə 11 730 boşanma olan ailənin 7 972-də, yəni 68 faizində uşaq olmayıb. 2023-cü ildə isə uşaq olan aillələrin payı 56 faizi ötüb. 

Xüsusən 2 və daha çox uşaq olan ailələrin dağılması prosesi sürətlə gedir. 2013-cü ildə boşanma baş verən iki və daha çox uşağı olan ailələrin sayı 1 837 olduğu halda ötən il onların sayı dörd dəfədən çox artaraq 7 430-a yüksəlib.

Rəqəmlərdəki dəyişiklik göstərir ki, artıq uşaqlı, xüsusən də 2 və daha çox uşağı olan ailələrdə boşanmaya meyillilik artır.