Şimal Buzlu Okeanında yeni antibiotiklər kəşf edildi
    • 2-09-2024, 11:15
    • 459

Şimal Buzlu Okeanında yeni antibiotiklər kəşf edildi

Hazırda istifadə edilən antibiotiklərin əksəriyyəti quruda yaşayan aktinobakteriyalardan əldə edilir. 

News24.az xəbər verir ki, antibiotiklərə qarşı müqavimət artdıqca elm adamları yeni mənbələr axtarıblar.

Dəniz mühitində yaşayan aktinobakteriyaların təzyiq, temperatur və duz sıxlığı kimi faktorlara görə daha müxtəlif birləşmələr əmələ gətirdiyi düşünülüb. Bu çərçivədə 2020-ci ildə Şimal Buzlu Okeanından çıxarılan bəzi onurğasız canlılardakı aktinobakteriyalar araşdırılıb.

Frontiers in Microbiology jurnalında dərc edilən araşdırmada dörd aktinobakteriya növünün enteropatogen E. coli (EPEC) bakteriyalarına təsiri araşdırılıb.

EPEC xüsusilə kiçik uşaqlarda şiddətli ishala səbəb olan bakteriya kimi tanınır. Araşdırmalar nəticəsində məlum olub ki, iki növ aktinobakteriya bu bakteriyanın xəstəlik törətməsinə mane olub.

Tədqiqatçılar bu birləşmələrin antibiotik kimi istifadə edilməzdən əvvəl daha çox araşdırmaya ehtiyac olduğunu və birləşmələrin təfərrüatlı şəkildə araşdırılması üçün böyük miqdarda istehsal edilməsi lazım olduğunu vurğulayıblar.

Helsinki Universitetindən tədqiqatın həmmüəllifi Päivi Tammela, klinik istifadədə təsirini görmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu bildirib, həmçinin dənizin dərinliklərində kəşf edilməyi gözləyən başqa birləşmələrin olduğuna ümid etdiklərini əlavə edib.

Məryəm İlhamqızı