Bloomberg: Türkiyə BRICS-ə üzv olmaq üçün müraciət edib
    • 2-09-2024, 15:46
    • 400

Bloomberg: Türkiyə BRICS-ə üzv olmaq üçün müraciət edib

Ankara Türkiyənin BRİKS-ə üzv olması üçün rəsmi müraciət göndərib. 

News24.az xəbər verir ki, daxil olma məsələsinə hələ oktyabrın 22-24-də təşkilatın sammitinin keçiriləcəyi Kazanda baxıla bilər.

Bloomberg öz mənbələrinə istinadən iddia edib ki, Türkiyə dünya səhnəsində siyasi təsirini gücləndirmək və inkişaf etməkdə olan ölkələrlə iqtisadi əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirmək üçün BRİKS-ə qoşulmağa sadiqdir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə açıq şəkildə bəyan edib ki, Ankara Avropa İttifaqı və digər Qərb tərəfdaşları ilə əməkdaşlığın yavaş inkişaf tempindən narazıdır. Eyni zamanda, prezident administrasiyası geosiyasi ağırlıq mərkəzinin Qərbin inkişaf etmiş iqtisadiyyatlarından uzaqlaşdığını anlayır.

“Türkiyə Şərq və Qərblə münasibətlərini eyni vaxtda yaxşılaşdırarsa, güclü, firavan, nüfuzlu və təsirli bir ölkə ola bilər. Bundan başqa hər hansı bir üsul Türkiyəyə fayda verməyəcək, əksinə zərər verəcək”, - deyə Erdoğan bildirib.

Qeyd edək ki, BRİKS qrupuna Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan əlavə, inkişaf etməkdə olan ən böyük iqtisadiyyatlardan bəziləri də daxildir. 2024-cü ilin əvvəlində onun sıralarına İran, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya və Misir qoşulub.

Məryəm İlhamqızı