-
- 2-09-2024, 22:13
- 1 024
"Suyu yumşaltmaq da bahalı prosesdir..." - Ərpin öhdəsindən necə gələk?
Paytaxtın bəzi ərazilərinə verilən içməli su coddur. Bu hal daha çox mərkəzdən kənar yerlərdə müşahidə olunur. Su o qədər coddur ki, məişət texnikasını belə sıradan çıxarır.
News24.az xəbər verir ki, ekoloq Rövşən Abbasov Demokrat.az-a açıqlamasında deyib ki, suyun codluğunun səbəbi tərkibində kalsium və maqnezium ionlarının çox olmasıdır:
“Bu maddələr suya codluq verir və bu cür cod suların həlletmə qabiliyyəti çox aşağı olur. Ona görə də sabun yaxşı köpüklənmir, paltar yaxşı təmizlənmir. Cod su sanitar-texniki borulara, kranlara ciddi ziyan verir, paltaryuyan, qabyuyan maşınları sıradan çıxarır, çaydanları xarab edir. Bu problemi həll etmək üçün bilmək lazımdır ki, şəhərə su haradan gəlir. Əgər su yaxınlıqdakı çay və ya göldən gəlirsə, yumşaq olur və daha keyfiyyəlidir, belə suyu içmək də olar. Yeraltı qaynaqlardan gələn suyun codluğu isə yüksək olur, borular, məişət texnikası çox tez ərp bağlayır. Tərkibindəki kalsium və maqnezium texnikanın detallarına çox tez hopur və çirklənmə yaradır”.
Ekspert bildirib ki, suyun codluğunu aşağı salmaq üçün onu yumşaltmaq lazımdır:
“Bu da bahalı prosesdir, xüsusi otaqda, bir məkanda su yumşaldılmalıdır. Xarici ölkələrdə də bu problem var, lakin insanlar suyu yumşaltmaq üçün xüsusi avadanlıqlardan istifadə edirlər, bu da elektrik enerjisinin çox işlənməsinə səbəb olur. Hər evdə bu qurğuları qoymaq da mümkün olmur. Köhnə infrastruktur səbəbilə də su codlaşa bilər. Elə yerlər var ki, oraya su boruları 50-60 il əvvəl, bəlkə də 100 il əvvəl çəkilib. Bu müddət ərzində kalsium və maqnezium maddələri təbəqələrdə toplanıb və suyun codlaşmağına səbəb olur”.