Qaz, su və işıq bahalaşacaq? - AÇIQLAMA
    • 5-09-2024, 16:32
    • 1 045

Qaz, su və işıq bahalaşacaq? - AÇIQLAMA

Bəzi ekspertlər növbədənkənar parlament seçkilərindən sonra kommunal xidmətlərlə bağlı tarif qiymətlərinin aşağı endiriləcəyini iddia edirdilər. Hazırda cəmiyyətdə ilin sonuna doğru işıq, qaz və su kimi başlıca kommunal xidmətlərlə bağlı müəyyən ucuzlaşmanın olacağına dair gözləntiləri var. Amma bunun əksinin ola biləcəyini, yəni bahalaşmanın növbəti dalğasının gələcəyini düşünənlər də var.

Bəs görəsən, yaxın gələcəkdə kommunal xidmətlərlə bağlı bizi hansı sürprizlər gözləyir?

News24.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan sosial məsələlər üzrə ekspert İlqar Hüseynli bildirib ki, insanların bu məsələni parlament seçkiləri ilə əlaqələndirməsi kökündən yanlışdır:

"Ümumiyyətlə, kommunal xidmətlərin seçkilərlə aşağı-yuxarı hansısa əlaqəsi yoxdur. Əvvəla, kommunal xidmətlərlə bağlı sifarişi verən təşkilat "Azərişıq", "Azərisu" və Azəriqaz" kimi dövlət qurumlarıdır. Bunun Milli Məclisə hər hansı bir əlaqəsi yoxdur. Onlar müəyyən təsərrüfat imkanlarını saxlamaqla bağlı, özləri müəyyən tarif müəyyənləşdirir. Ödənişlərlə bağlı qiyməti Tarif Şurasına göndərirlər və yekunda qərarı Tarif Şurası verir".

Ekspert qeyd edib ki, yaxın gələcəkdə ucuzlaşmanın olması real görünmür:

"Düşünmürəm ki, parlament seçkiləri bitdi və biz yeni mövsümdə kommunal xidmətlərin aşağı düşəcəyini gözləyək. Heç olmasa qiymətləri bahalaşdırmasınlar. İndiki qiymət civarında qalmasına ümid etməliyik, nəinki ucuzlaşmasına".