-
- 9-09-2024, 16:05
- 387
Qiymətlər belə artırılırmış: Hər faizə görə ailələrə 2-3 milyard ziyan...
Rəqabət Məcəlləsinin qəbulundən sonra ölkədə süni qiymət artımının qarşısının alınması ilə bağlı imkanlar genişləndi. İnsanları ən çox narahat edən məsələlərdən biri süni qiymət artımıdır. Süni qiymət artımı monopoliya və inhisarçılıqdan qaynaqlanır. Qiymətlərin əsas olmadan yüksəldilməsi məhz bu amillərlə bağlıdır.
News24.az bildirir ki, bunu Teleqraf.com-a VI çağırış Milli Məclisin deputatı, iqtisadçı-alim Əli Məsimli deyib.
O qeyd edib ki, hansısa sahəni monopoliyaya alanlar istehsal etmədən xaricdən bir manatlıq məhsul gətirmədən süni sürətdə qiymətləri artırır:
“Süni qiymət artımının hər faizinə görə, 500-600 milyon manat insanlara ziyan dəyir. Təbii ki, bu bir faizlə yekunlaşmır. Artımlar bəzən bir neçə faiz olur. Bununla da ailə büdcələrinə 2-3 milyard manatlıq ziyan dəyir”.
İqtisadçı hesab edir ki, süni qiymət artımının qarşısı alınsa, ailələr 2-3 milyardlıq vəsaiti digər qayğılara yönəldə bilər:
“Bu baxımdan Rəqabət Məcəlləsinin qəbul edilməsindən sonra süni qiymət artımının qarşısının alınması vacib vəzifələrdən biridir. Burada rəqabət orqanının kifayət qədər səlahiyyətləri olmalıdır ki, nəzərdə tutulan bütün funksiyaları yerinə yetirsin. Artıq bu istiqamətdə konkret addım atıldı. Birbaşa dövlət başçısına tabe olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradıldı”.
Əli Məsimliyə görə, monopoliyanın məhdudlaşdırlması, rəqabətin təşviq edilməsi nəticəsində süni qiymət artımının qarşısı alınacaq:
“Qiymətlərin süni şəkildə artırılması aztəminatlı təbəqənin həyat səviyyəsinə ciddi təsir göstərir. Qiymətlərin optimallaşdırılması ilə azad sahibkarlıq, rəqabətin formalaşması mümkün olacaq. Mərhələli şəkildə buna nail olmaq mümkündür”.