Maqnezium çatışmazlığı ağır xəstəliklərə səbəb olur
    • 12-09-2024, 20:14
    • 533

Maqnezium çatışmazlığı ağır xəstəliklərə səbəb olur

Maqnezium insan orqanizmində proteinin sintezindən tutmuş enerji istehsalına qədər bir çox mühüm rol oynayır. Onun çatışmazlığı altsheymerdən diabetə qədər bir çox xəstəliyə səbəb ola bilər. Beləliklə, maqnezium çatışmazlığı necə aradan qaldırılır?

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, insan orqanizmi üçün çoxlu faydalı vitaminlər və minerallar var. Bunlardan biri də maqneziumdur.

Hər bir insanın orqanizmində müəyyən miqdarda maqneziumun olması lazımdır. Bu səviyyənin azalması bir çox sağlamlıq problemlərinə səbəb olur. Avstraliyada aparılan son araşdırma maqnezium çatışmazlığının yaratdığı problemləri ortaya çıxarıb. Sözügedən araşdırmada maqnezium səviyyəsinin aşağı olmasının orqanizmin genetik quruluşunu zədələdiyi və altsheymer, parkinson, mədə-bağırsaq xəstəlikləri, müxtəlif növ xərçəng və diabet kimi xroniki xəstəliklərə qarşı həssaslığı artırdığı ortaya çıxıb.

Maqnezium qan təzyiqinin tənzimlənməsi, qan şəkərinə nəzarət, enerji istehsalı, zülal, sümük sağlamlığı, ürək ritmi, əzələ və sinir sistemi funksiyalarına təsir göstərir.

Maqnezium çatışmazlığı müxtəlif simptomlarla özünü büruzə verir. Simptomlar və şikayətlər çatışmazlıq səviyyəsindən asılı olaraq dəyişir.

Halsızlıq, iştahsızlıq, əzələlərdə zəiflik, əzələ ağrıları, bədəndə uyuşma və titrəmə maqnezium çatışmazlığının ən əhəmiyyətli əlamətlərindəndir. Lakin maqnezium çatışmazlığı daha ciddi həddə çatarsa, şəxsiyyət dəyişikliyi, qıcolmalar və ürək ritmi pozulmaları da inkişaf edə bilər. Ağır maqnezium çatışmazlığında kalium və kalsium səviyyələrində azalma ola bilər.

İnsan orqanizmi üçün çox vacib olan maqnezium qida ilə qəbul edilir. Artıqlığı böyrəklər vasitəsilə xaric olunur.

Maqnezium çatışmazlığı sağlamlıq problemi olmayan və düzgün qidalanan insanlarda nadir hallarda müşahidə olunur. Bu, qidalanma, bəzi xəstəliklər və ya dərmanlar səbəbindən baş verir. Yüksək spirt istehlakı və ya xroniki alkoqolizm, maqnezium çatışmazlığının ən əhəmiyyətli səbəblərindən biridir. Bağırsaq xəstəlikləri ilə bağlı xroniki ishal və malabsorbsiya isə digər mühüm səbəblərdəndir.