"Mənə düzgün diaqnoz qoyulsaydı, metastaz verməyəcəkdi"- Tədris Cərrahiyyə Klinikasında QALMAQAL
    • 13-06-2019, 15:54
    • 2 400

"Mənə düzgün diaqnoz qoyulsaydı, metastaz verməyəcəkdi"- Tədris Cərrahiyyə Klinikasında QALMAQAL

İki gün öncə Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında baş verənlərlə bağlı yazı hazırlamışdıq. (https://news24.az/16777-derdine-deva-uchun-gelib-davaya-chixanlar-.html)

Bu yazı orda saatlarla növbə gözləyənlərlə yanaşı, xəstəxana personalından narazı oxucumuzu – Sevda Bayramovanı da dilə gətirib. 

O, News24.az-a müraciət edərək xəstəxananın həkimi Rasim Bayramovun qeyri-dəqiq diaqnozunun qurbanı olduğunu iddia edib.

S.Bayramova bildirib ki, o, bir neçə ay əvvəl bağırsağında güclü ağrılar olub və bu səbəbən Tədris Cərrahiyə Korpusunda mədə-bağırsağını, qarın boşluğunu kompüter tomoqrafiya (KT) etdirib: “Yanvarın 25-də kompüter tomoqrafiya müayinəsindən keçdim. Dedilər ki, bağırsağımda, mədəmdə heç bir problem yoxdur. Əlimə müayinənin nəticəsi yazılan kağız da verdilər. Mən də arxayın oldum ki, mədə-bağırsağımda hər şey qaydasındadır. Sonra mart ayının 9-u başqa xəstəxanada təkrar analiz verdim. Özümü bir də yoxlatdırmaq istədim. Məlum oldu ki, məndə qanazlığı (anemiya) yaranıb. Orda həkim mənə xəbərdarlıq elədi ki, sənin mədə -bağırsağında ciddi problem görünür. Yəni qan azlığının başqa ciddi səbəbi var. Qısa müddətdə qanımı artırmaq üçün müalicə aldım. Amma yenə də, bağırsağımda güclü sancılar olurdu. Çarəsiz qalıb müayinə üçün İstanbula getdim. 

Orda müayinənin cavabları çıxanda dedilər ki,  bağırsağı iltihab tutub və onun arxasında nə olduğunu görmək olmur. Bakıya qayıdıb 15 günlük ciddi müalicə aldım. Sonra yenidən İstanbula gedib təkrar yoxlandım. Cavablar çıxanda dəhşətə gəldim. Heç demə, bağırsağımda şiş varmış və mən xəstəliyimin mualicəsi üçün 6 ay gecikmişəm. Buna görə də xəstəlik qara ciyərimə, limfalarıma yayılıb. Mənə yanvar ayında düzgün diaqnoz qoyulsaydı, metastaz olmayacaqdı. Xəstəliyin birinci mərhələsində müalicəyə başlayacaqdım. 5 saatlıq ağır əməliyyat keçirdim. Hələ mənə nə qədər maddi ziyan dəydi, ondan danışmıram. Hazırda kimyaterapiya alıram. Üç həftədən bir İstanbula gedirəm, bir sözlə, ciddi həkim nəzarətindəyəm”.

Şikayətçi deyir ki, Tədris Cərrahiyə Korpusunda başına gətirilənlərlə bağlı oranın direktor müavinii lə görüşüblər: “Həyat yoldaşım oranın direktor müavini Surxay Hadıyevin yanına gedib və olanları danışıb. Onun üzrü günahından betər olub. Yoldaşıma “tibbdə belə səhvlər ola bilər. Siz niyə Azərbaycan səhiyyəsini qoyub Türkiyəyə getmisiz? Həkimə bu haqda nəsə deməyə bizim gücümüz çatmır” deyib. Anlamıram, necə yəni, həkimə söz deyə bilmərik? Axı, bu, sadəcə bir səhv deyil, insan həyatıdır. İnsan həyatı ilə belə oynamaq olar?! Mənə olan oldu. Halbuki vaxtında düzgün diaqnoz qoyulsaydı, hər şey başqa cür ola bilərdi. Mən KT-dən keçəndə 182 manat pul ödəmişəm, inanırdım ki, Azərbaycanın ən son açılan dövlət xəstəxanasıdır. O müayinədə bu qədər ciddi problemi görməmək mümkün deyil. Sonrası da, mənim imkanım çatdı, İstanbula getdim. Bəs yüzlərlə, minlərlə insanın həyatı necə olsun?!”

Sevda Bayramovanın söylədikləri ilə bağlı Tədris Cərrahiyə Korpusunun həkimi Rasim Bayramovla söhbətləşdik. 

Həkim News24.az-a açıqlamasında narazı xəstənin fikirlərini təkzib etdi: “Xəstənin vəziyyətindən ki gün əvvəl xəbər tutmuşam. Direktorun yanına gəliblər. O xanım yanvarın 25- də bizdə kompüter tomoqrafiyadan keçib. Apreldə də Türkiyədə müayinə olunub. Orda deyiblər ki, bağırsağın ətrafında iltihab var. Sonra müalicə olunub, keçməyib, daha sonra kolonoskopiya olunub və şiş tapılıb. Kompüter tomoqrafiyası mədə-bağırsaqda olan şişi göstərmir. Türkiyədən gətirilən cavaba da kompüterdə baxdım. Həqiqətən də, bağırsağın ətrafı qalındır. O vaxtdan iki ay yarım vaxt keçib.Kompüterdə baxmaqla demək olmaz ki, bu, şişdir. Daha sonra bağırsağın kolonoskopiyası edilib.

O xanım özü həkimdir, bağırsağında ağrı var idisə, mütləq kolonoskopiya olunmalı idi. Yenə də deyirəm, nəticələri hara istəsələr, ekspertizaya göndərsinlər, əgər orda həqiqtən şiş görünsə, günahkar mənəm. O diskə təkrar baxmışam, heç nə görünmür. Qanuni yollar var, əgər günahımız varsa, çəkməyə hazırıq. Mən əminliklə deyirəm ki, burada elə bir şey yoxdur».

Afaq Mirayiq