-
- 16-09-2024, 17:41
- 365
“Mavi dil” epidemiyası bu ölkədə də yayıldı
Avropada yayılan mavi dil xəstəliyi Avstriyada da yayılıb.
News24.az xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH) bu gün verdiyi açıqlamada ölkənin bir hissəsində mavi dil xəstəliyinə rast gəlindiyini bildirib.
Mavi dil qoyun, mal-qara və keçi kimi ev heyvanları üçün ölümcül ola bilər. Virus insanlara sirayət etmir.
Xəstəliyin yeni variantı keçən ilin sonlarından Şimali Avropada yayılmağa başlayıb.
Epidemiyadan əziyyət çəkən ölkələrdə, o cümlədən Fransada peyvənd kampaniyalarına başlanılıb.
Fransa Kənd Təsərrüfatı Nazirliyi ölkədə ilk dəfə avqustun 5-də görülən mavi dil virusuna yoluxma sayının 22 avqust tarixinə 190 olduğunu açıqlayıb.
Virusla mübarizə çərçivəsində avqustun 12-dən heyvandarlıq təsərrüfatlarında istifadəyə verilən pulsuz peyvənd xidmətinin ilin sonuna qədər davam edəcəyi bildirilib.
Qeyd edək ki, avqustun əvvəlində Belçikada ortaya çıxan mavi dil xəstəliyi 500-dən çox fermanı əhatə edib.
Epidemiya Türkiyənin bəzi şəhərlərində də müşahidə olunub və karantinlər tətbiq edilib.
Xəstəliyə yoluxmuş heyvanların dilini mavi rəngə çevirdiyi üçün belə adlandırılan xəstəliyə bir növ ağcaqanad səbəb olur.
Bildirək ki, xəstəlik heyvanlarda yüksək hərarət, iştahsızlıq, oynaq ağrıları, laktasiya, doğuş və tənəffüs problemlərinə səbəb ola bilər.
Günel Məlikzadə