İşdən qovulan müəllim danışdı
    • 18-09-2024, 14:04
    • 282

İşdən qovulan müəllim danışdı

Xəbər verdiyimiz kimi, sentyabrın 16-ı İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbinin önündə dərs deyən və icra nümayəndəsi ilə mübahisəsi ilə gündəmə gələn ibtidai sinif müəllimi Leyla Nəcəfquluyeva işdən çıxarılıb. Rəsmi açıqlamada onun şagirdləri dərsdən yayındırdığı, eyni zamanda Tiktok sosial şəbəkə hesabından canlı videogörüntü paylaşaraq, şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə etdiyi bildirilib.

News24.az xəbər verir ki, mövzu ilə bağlı Axar.az-a danışan Leyla Nəcəfquluyeva isə bildirib ki, onun işinə xitam verilməsi məsələsi uzun müddətdir planlaşdırılıb.

“Bu məsələ mənim sanitar qovşaqla bağlı problemi ictimailəşdirməyimdən bəri müzakirə olunurdu. 2023-cü ilin 8 yanvarında sosial şəbəkələrdə sanitar qovşaqla bağlı etirazım yayıldı. Videoda sanitar qovşaqdakı problemləri, orada bir uşağın qapı arxasında kilidli qalmasını, uşaqların incidildiyini demişdim. Həmin söhbətdən sonra 2 gün İH-də, bir gün də sektor müdirliyində oldum. Ardınca söhbət böyüdü, direktoru çağırdılar, dedilər, Leyla müəllimə niyə bu qədər hay-küy yaradıb, bu görüntülər niyə sosial mediada yayılıb? Həmin vaxt mənə bildirdilər ki, onsuz da geci-tezi var, çox özbaşınalıq edirsən, müqavilənə xitam veriləcək”, - o deyib.

Leyla Nəcəfquliyeva onu da əlavə edib ki, məktəbdəki pozuntuları üzə çıxarmağı, yuxarı sinif müəllimlərinin dərs keçməməsi məsələsinə görə valideynlərlə birgə apardığı təbliğat da onun işinə xitam verilməsi məsələsini sürətləndirən amillərdən olub:

“Hətta öz övladımı 5-ci sinifdə oxuyarkən dərs keçirilmədiyinə, keyfiyyətsiz tədrisə, eyni zamanda onun mənim oğlum olduğu üçün sıxışdırılması məsələsinə görə yanvar ayında məcburən məktəbdən uzaqlaşdırmalı oldum. Oğlum bulinqə məruz qalırdı. Hər gün gəlirdi ki, müəllim maraqlanmır, lövhənin önündə dayandırır, eyni dərsin üstündə 5 dəfə qalırıq və s. Mən bunu da ictimailəşdirdim”.

O, Tiktok paylaşımlarında şagirdlərdən istifadə olunması ilə bağlı arqumentə də münasibət bildirib:

“Mənim həmin paylaşımlarım nəticəsində yeni məktəb binasının tikintisinə başlanıldı. Məktəbin tikilməsi kimi, açılması da məhz mənim şagirdlərimin sayəsində oldu. Sentyabrın 15-ə kimi Bakıda olmuşam. O vaxta qədər direktor deyib ki, hamı bir nəfər kimi sentyabrın 16-ı məktəbə gələcək. Axşam saatlarında isə bəlli oldu ki, direktor fikrini dəyişib, Aranlı kəndi 2 saylı məktəbə gedirik. O məktəb çox balaca olduğu üçün şagirdlər yerləşmir. Ardınca dedilər, məktəb binası ayın 18-i açılacaq. Amma 3 günlə nə dəyişir? Məktəbdə başqa bir problem var ki, bunu açmaq istəmirdilər”.

O, çıxarılmasında birbaşa olaraq direktorun əli olduğunu, onun qanunsuz əməllərini üzə çıxardığı üçün məktəb rəhbərinin səbrini daşırdığını iddia edib:

“Məktəbə getdim, qapını bağladılar ki, sən bura girə bilməzsən. Dedim, eybi yox, onsuz da “Yaşıl dünya naminə” tədbirimiz var idi, dərsimizi həyətdə keçəcəkdik. Şar aparıb, tədbirə hazırlaşmışdım. Proqramımızın ilk sırasına bunu qeyd eləmişdik. Amma hamı yuxuda olarkən direktorumuz Anar Ələkbərov bütün məktəbin işçilərinə məlumat verib ki, o Leylanın ayağı sinfə, məktəbə dəyməyəcək. Qapıları bağlı saxlayın. O seçkilərdə məntəqə sədri idi, mən isə MSK-ya qədər ondan şikayət elədim, seçkidə yol verdiyi saxtakarlıqları üzə çıxardım. Bu da onun imicinə mənfi təsir göstərdi. Anar Ələkbərov da mənim işdən çıxarılmağım üçün əlindən gələni əsirgəmədi. Müəllimləri işdən çıxarmaqla şantaj edərək, məcburi şəkildə əleyhimə imza atdırıb. Mənə şər atdılar, hökumətə, dövlətimizə, Təhsil Nazirliyinə, Emi Əmrullayevin idarəetməsinə baş qaldırdığımı iddia elədilər. Əslində isə məktəbdəki problemlərə, keyfiyyətsiz tədrisə, sanitar qovşağı, su probleminə, son olaraq da qanunsuzluğa diqqət çəkməyə, bu problemləri aradan qaldırmağa çalışmışam”.