AMAY Abdullanın həbs edilmiş sevgilisi ilə bağlı YENİ XƏBƏR - TƏFƏRRÜAT
    • 17-06-2019, 10:47
    • 1 756

AMAY Abdullanın həbs edilmiş sevgilisi ilə bağlı YENİ XƏBƏR - TƏFƏRRÜAT

Bakıda törətdiyi çoxsaylı dələduzluq əməllərinə görə həbs edilmiş Aygün Akimova barəsində Ali Məhkəməyə şikayət daxil olub. 

News24.az-ın məlumatına görə, müxtəlif cinayət əməllərində adı keçən Akimova Aygün Bəxtiyar qızının işinə Ali Məhkəmədə yenidən baxılacaq. İş hakim Fərhad Əliyevin icraatına verilib.

Qeyd edək ki, cinayət işi üzrə tanınmış iş adamları, həmçinin Aygün Akimovanın evində dayə kimi çalışmış şəxs də zərərçəkən şəxs qismində tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Akimova 12 il müddətinə həbs edilib və onun apelyasiya instansiyasına müraciəti rədd edilib.

Onu da qeyd edək ki, ittihama görə, A.Akimovadan ən çox zərərçəkmiş şəxs Afət Hüseynovadır. Mağazasının, evinin, maşınının ələ keçirildiyini deyən A.Hüseynova ümumilikdə Akimova tərəfindən 800 min manata yaxın ziyana düşdüyünü deyir.

Akimova digər dələduzluq əməllərini yerinə yetirərkən özünü Azərbaycanın ən gənc qadın polkovniki kimi təqdim edib, vəzifəli şəxslərlə yaxın əlaqələrinin olduğunu deyib. O, həmçinin naxçıvanlı biznesmen “AMAY Abdulla”nın həyat yoldaşı olduğunu söyləyib. Maddi imkanlarının çox yaxşı olduğunu deyən Akimova, zərərçəkmişlərin etibarını qazana bilib.

Zərərçəkmiş şəxslər də istintaqa ifadələrində Aygün Akimovanın “AMAY Abdulla” ilə münasibətinin olduğunu, iş adamının ona ev, maşın aldığını, maddi ehtiyaclarını qarşıladıqlarını deyiblər. Həmçinin, zərərçəkmişlər iddia ediblər ki, Aygün Akimovanın iki övladının atası “AMAY Abdulla”dır.

Elə bu suallara aydınlıq gətirmək üçün istintaq orqanı da naxçıvanlı iş adamını dindirib.

Hazırda Aygün Akimovanın dələduzluq əməlləri ilə bağlı açılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Abdulla Abdullayev də iş üzrə şahiddir. Onun məhkəmə prosesinə gələrək ifadə verməsi gözlənilir. Ancaq məhkəmə prosesi hələ ki, zərərçəkmişlərin dindirilməsi ilə davam edir.

Musavat.com Abdulla Abdullayevin istintaq orqanına ifadəsini əldə edib. Naxçıvanlı biznesmen həmin ifadəsində Aygün Akimova ilə münasibətləri haqda ilginc açıqlamalar verib.

Abdulla Abdullyev ifadəsində bildirib ki, AMAY şirkətinin rəhbəri olduğu vaxt təxminən 2004-cü ildə əvvəllər tanımadığı Dilarə adlı qadın onun iş yerinə gələrək seyid nəslindən olduğunu, işçisi Əliyeva Dünyaxanım Yunis qızına pul borcu olduğunu deyib. Dilarə adlı qadın həmin borcunu qaytarması üçün ondan kömək istəyib. A.Abdullayev deyib ki, bundan sonra Dilarə adlı qadına maddi yardım göstərib.

Abdulla Abdullayev ifadəsinin davamında deyib ki, həmin Dilarə adlı qadın növbəti dəfə onun yanına gələrək Aygün adlı qızının kiminsə tərəfindən aldadıldığını və cinsi əlaqədə olduğunu deyib. İş adamının dediyinə görə, Dilarə adlı qadın ondan xahiş edib ki, həmin şəxsə təzyiq edərək qızı ilə evlənməsinə kömək etsin. Ancaq iş adamının bu təklifi qəbul etmədiyini deyib.

Daha sonra Aygün Akimovanı tanımasından danışan A.Abdullayev, bunları əlavə edib: “Bir gün Dilarə məndən xahiş etdi ki, bu işin üstü açılmasın deyə qızı Aygünü xaricdə olan zavodlarımdan birində işləməsinə kömək edim. Mən isə xaricdə olan zavodlarımın fəaliyyətini dayandırdığını dedim. Bir müddət sonra Aygün özü mənim qəbuluma gəldi və onu işə götürməyimi xahiş etdi. Bundan sonra Aygünü xadiməçi olaraq işə götürdüm. Aygünə 300 manat maaş verirdim. Bir müddət sonra işçilərimdən kimsə mənə Aygünün hamilə olduğunu dedi. Aygün oğlan uşağı doğmuşdu. Əri olmadığından uşağın doğum haqqında şəhadətnaməsində uşağın atası kimi mənim adımı yazdırmaq istədiyini dedi. Mənim də Aygünə yazığım gəldiyi üçün buna razılıq verdim. Aygünün uşağının atası isə başqası olub. Mən heç vaxt Aygünlə intim əlaqədə olmamışam”.

A.Abdullayev əlavə edib ki, sonradan Aygünün qız övladı da dünyaya gəlib. İş adamı həmin uşağın doğum haqqında şəhadətnaməsində də ata kimi öz adının yazılmasına razılıq verdiyini istintaqa ifadəsində təsdiqləyib.

A.Abdullayev daha sonra Aygünün əxlaqsız hərəkətlər etməsindən xəbər tutduğunu deyib: “İşçilərdən biri Aygünün əxlaqsız hərəkətlərini nümayiş etdirən görüntüləri mənə göstərdi. Həmin görüntüləri Aygünün anasına və qardaşına göndərdim. Həmçinin həmin diskin bir nüsxəsini də Aygünün özünə verdim və daha sonra onu işdən çıxardım. Bu hadisədən sonra Aygünü görməmişəm və telefonla da danışmamışam”.

Bundan sonra iş adamı 2012-ci ildə Aygün Akimovanın övladlarının atası kimi doğum haqqındakı şəhadətnamələrdə adının yazılmasından narahatlıq keçirib və rəsmi olaraq Nərimanov rayon Məhkəməsinə müraciət edib.

Ancaq A. Abdullayev bu istəyini yerinə yetirə bilməyib. Bir müddət xaricə gedən, daha sonra da həbs edildiyini deyən iş adamı bu işi sona çatdıra bilmədiyini söyləyib.

“AMAY Abdulla” Aygün Akimovanın törətdiyi cinayət əməllərindən xəbərsiz olduğunu da istintaqa deyib və bildirib ki, Akimovadan zərərçəkmiş Afət Hüseynovanı da tanımır: “Aygünün törətdiyi cinayətlər barədə məlumatım yoxdur. Nərgiz deyə müraciət olunan Afət Hüseynovanı da tanımıram”.

Abdulla Abdullayev istintaqda sualları cavablandırarkən Aygün Akimovaya öz obyektlərinin nəzarətini tapşırmasını, şirkətinə Aygünün nəzarət etməsini, ona maşın, ev alması haqda deyilənləri də yalanlayıb: “Mən obyektlərimin işləməsini Aygünə həvalə etməmişəm. Rəhbərlik etdiyim şirkətin idarə heyəti olub və bütün vəzifəli şəxslər öz işlərini görüblər. Aygün də bir müddət xadimə olaraq işləyib. Aygünə heç vaxt 90 MD 003 dövlət nömrə nişanlı “Cadillac Escalade” markalı maşın almamışam. Aygünə sadəcə şirkətdə işlədiyi vaxt 300 manat maaş vermişəm, atası və anasının müalicəsi üçün çox az-az məbləğdə pul vermişəm. Aygünə mənzil almağım haqda deyilənlər də yalandır. Bildiyimə görə Aygün ailəsi ilə Sumqayıtda kirayədə yaşayıb”.