“Ermənistanın mövqeyi sülhə təhdid olaraq qalır” - Bahar Muradova
    • 18-06-2019, 12:52
    • 721

“Ermənistanın mövqeyi sülhə təhdid olaraq qalır” - Bahar Muradova

“Sülh olmadıqda davamlı inkişafa nail olmağın mümükünsüzlüyünü qəbul etməliyik, eyni zamanda davamlı inkişaf da ədalətli sülhə öz töhfəsini verməlidir. Azərbaycan daim bu istiqamətdə beynəlxalq ictimaiyyəti bir araya gətirmək və yeni təsisatlar yaratmaq istiqamətində təşəbbüslər göstərir”.

Bunu Milli Məclisin sədrinin müavini Bahar Muradova “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan belə təcrübələrin aparılması və bölüşülməsi üçün çox uyğun bir məkandır: “Çünki bura hər zaman dialoq, əməkdaşlıq şəraitində təhlükəsizlik uğrunda mübarizə aparmaq istiqamətində məsələlərin müzakirə olunduğu və qərarların verildiyi yerə çevrilməkdədir. 16-cı konfransda bura gələn ölkələrin də razılığı ilə bəlkə də hansısa bir formada təsisat yaratmaq mümkün olardı və siz bunu daimi və davamlı fəaliyyət göstərən işlək bir quruma çevirə bilərsiniz. Ombudsmanların dami toplaşaraq problemləri həll edəcəyi bir qurum yaradılsaydı, bu, beynəlxalq aləmdə problemlərin həllinə töhvəsini verən orqana çevrilə bilərdi”.

B.Muradova 16-cı dəfədir ki, ombudsmanların Azərbaycana toplandığını xatırladıb: ”Bu da problemlərin araşdırılmasına, ombudsman təsisatının bu problemlərin həllində rolunun müəyyənləşsməsinə və müsbət təcrübələrin bölüşməsinə şərait yaradır. Bu tədbirlərin Qafqaz regionunda keçirilməsi təsadüfi deyil. Qafqaz regionu münaqişələrlə zəngindir, regionun üç dövləti münaqişədədir. Bu münaqişələrin həll olunmaması və davamlı sülhün əldə edilməməsi, bir çox hallarda münaqişə tərəflərindən birinin qeyri-konstruktiv mövqeyi, konkret halda Ermənistanın heç bir çərçivəyə sığmayan mövqeyi insanlarımız, dövlətimiz və xalqımız üçün daimi sülh əldə etməyə imkan verməyib. Ermənistanın qeyri-konstruktiv mövqeyi davamlı sülhə, birgə yaşayışa əsas təhdid olaraq qalır. Həm mövcud təsisatları tam istifadə etmək, yeri gələn zaman yeni təsisat yaratmaqla problemləri həllinə nail olmaq lazımdır”./report/