-
- 30-09-2024, 22:01
- 389
“Tərpənsə, bitəcək”
İranın Yaxın Şərqdəki proksi qüvvələri sıradan çıxarılır.
News24.az teleqraf.com-a istinadla xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, baş verənlərin fərqində olan İran proseslərə müdaxilədən çəkinir, belə bir cəhd eləsə, daxildə ciddi parçalanmalara yol aça bilər:
“İsrailin “Hizbullah”a qarşı hərbi əməliyyatları bu təşkilatı kifayət qədər zəiflədəcək. Başlamış proses ilk növbədə İrana bağlı bu təşkilatın Livanın siyasi səhnəsindəki həyatına son qoyacaq. İranın Yaxın Şərqdəki proksilərini sıradan çıxaran İsrailə ABŞ-dan güclü dəstək var. Yəni bu, həm də Vaşinqtonun strateji prioritetidir.
İran uzun illərdir “Hizbullah” vasitəsilə İsrail və Livanı təhdid altında saxlayırdı. “Hizbullah”ın zəiflədilməsi Livanın İrandan asılılığına son qoyacaq. Proksilərinin sıradan çıxarılması həm də İranın Yaxın Şərqdəki varlığının sonu deməkdir.
Həmçinin baş verənlər Yaxın Şərqdə yeni siyasi nizam formalaşdıracaq. Bu durum Livanda siyasi sistemi sabitləşdirəcək. İrandakı rejim baş verənlərin fərqindədir.
ABŞ regiona əlavə hərbi qüvvələr göndərməklə, Tehranı mümkün hərbi təxribatlardan çəkindirəcək. Artıq ABŞ-ın bu məqsədlə regionda göndərdiyi qüvvələr hazır vəziyyətdədir”.
Əsədullazadənin fikrincə, ABŞ Yaxın Şərqi yenidən dizayn etməklə “Ərəb baharı” prosesində buraxılmış strateji səhvlərini də düzəltməyə çalışır:
“İran bu gəlişmələrə müdaxilə etməyə cəhd göstərsə, daxildə parçalanma qaçılmaz olacaq. İran Prezidenti Məsud Pezeşkianın bu fonda Güney Azərbaycan, Bəlucistan, Kürdüstan və digər bölgələrdəki mümkün parçalanmalara diqqət çəkməsi bununla bağlıdır. Bunu belə oxumaq olarki, Pezeşkian və komandası mümkün təhlükələrdən sığortalanmağın yolunu müdaxilələrdən çəkinməkdə görür.
Başqa sözlə, İranın gələcəyi baş verənlər qarşısında hansı yolu seçəcəyindən asılıdır. Bir addım da atsa, özünü bitirəcək. İran daxilə sıçrayacaq gərginlikdən salamat çıxmaya bilər. Zənnimcə, Tehranda bunu anlayırlar”.