-
- 4-10-2024, 09:49
- 441
Pensiyalar bu yolla artacaq: Özəl fondlar üçün yeni meyarlar açıqlandı
Qeyri-dövlət (özəl) pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlama yayıb. Bəs özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə vəd edir? Əksər inkişaf etmiş dövlətlərdə vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə edirlər. Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl fonddan da pensiya ala bilsin. Sual oluna bilər ki, bu hal pensiya məbləğinin artmasına necə təsir edə bilər?
Mövzu ilə bağlı Teleqraf.com-a danışan iqtisadçı Rəşad Həsənov özəl pensiya fondlarının inkişaf etmiş ölkələrin təcrübəsində sınanmış mexanizm olduğunu söyləyib.
“Bu istiqamətdə ciddi nəzarət və tənzimləmə mexanizmləri olmalıdır. 2008-ci ildə qlobal maliyyə böhranı zamanı inkişaf etmiş ölkələrin bir çoxunda özəl pensiya fondlarının defoltu əhalinin ciddi pul itkisinə səbəb olub”, - deyə o əlavə edib.
Rəşad Həsənov qeyd edib ki, Azərbaycanda insanların yığım imkanları məhduddur:
“Özəl pensiya fondlarının fəaliyyəti üçün müəyyən dövriyyəyə nail olmaq vacibdir. Müəyyən bir vəsait olmalıdır ki, bu proseslərin təşkili və mənfəətin əldə edilməsi mümkün olsun. Ölkəmizdə insanlar depozitlərini daha çox qısa müddətli dövrdə banklara yerləşdirir. Uzunmüddətli maliyyə inistitutlarına etibar aşağıdır. Özəl pensiya fondlarına da münasibət eyni olacaq. Çünki burada etibar vacibdir”.
İqtisadçı əhalinin yığım, əlavə vəsait əldə etməsi, onu özəl pensiya fonduna etibar etməsinin vacib olduğunu bildirib:
“Etibarlı nəticənin əldə edilməsi yüz faizlik dövlət nəzarəti ilə mümkündür. Özəl pensiya fondlarına yığılmış vəsaitlər dövlət tərəfindən yüz faiz sığortalanacaqsa, insanlar buna etibar edəcək. Çünki bu, uzunmüddətli planlama tələb edir. İnsanlar az qala 50 ilə qədər olan dövrü planlamalıdır. Bu müddət yığım edən hər bir şəxs həmin vaxtdan sonra bunun faydasını görməlidir”.
Rəşad Həsənova görə, dövlət zəmanəti olarsa, özəl pensiya fondları dövriyyədə yer almaqla insanların ahıl vaxtında daha çox vəsait əldə etməsinə imkan yaranar:
“Azərbaycanda buna bənzər model var. Əmək Pensiyaları Haqqında Qanuna görə, vətəndaşlar könüllü yığım edə bilər. Bu vəsaitlər ildə bir dəfə indeksasiya edilir. Amma dövlət zəmanəti olsa belə insanlar fərdi uçot hesabına yığımlar etmir. Bütün hallarda buna təminat verildikdən sonra geniş tətbiqi mümkündür”.