-
- 4-10-2024, 21:23
- 487
Sağlamlıq üçün gündə nə qədər zülal qəbul edilməlidir? - AÇIQLAMA
Zülal immunitet sisteminin güclənməsində böyük rol oynayır.
Bəs gündə nə qədər zülal qəbul etməliyik.
News24.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan Qida Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, ümumi kalorinin 10-35%-ni zülallardan almaq lazımdır.
“Gündəlik zülal ehtiyacı isə yaş, fiziki fəaliyyət səviyyəsi və ümumi sağlamlıq vəziyyəti kimi müxtəlif faktorlardan asılı olaraq dəyişir. Sağlam insanlar üçün zülal ehtiyacı insanın çəkisinin hər kiloqramı üçün 0,8 qram təyin olunur. Məsələn, əgər insanın çəkisi 68 kiloqramdırsa, gündəlik 54 qram zülal qəbul etməlidir. Ancaq yaşlı, xəstə və ya yaşla bağlı əzələ itkisi yaşayan insanlarda zülal ehtiyacı bədən çəkisinin hər kiloqramı üçün 1,2 qrama qədər arta bilər”.
Mütəxəssis qeyd edib ki, gündəlik zülal qəbulunda cinsiyyətin heç bir fərqi yoxdur.
“Qadınlar kişilərlə eyni miqdarda zülal qəbul edə bilərlər. Hamilə qadınlarda isə situasiya bir az fərqlidir. Hamiləlik dövründə dölün sağlamlığı üçün zülal ehtiyacı artır. Hamiləliyin ilk trimestrində qadınlar kiloqrama 0,8, ikinci və üçüncü trimestrlərdə isə 1,1 qram zülal qəbul etməlidirlər. İdmanla məşğul olan insanlara isə gündəlik çəkilərinin hər kiloqramı üçün 1,4-2 qram zülal qəbul etmək tövsiyə olunur”.