-
- 7-10-2024, 20:04
- 441
“Oğlum qazandığı pulu evə gətirmir və yeyib-içməyə xərcləyir” - cinayətin təfərrüatı
Göyçay rayonunda 1975-ci il təvəllüdlü Rüfət şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı atası Ənvərə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyunun 11-də Göyçay rayonun kəndində baş verib. Rüfət həmin gün saat 11:30 radələrində yaşadığı evdə olarkən atası ilə evə ərzaq almaması səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bir dəfə qəsdən yumuruqla onu vurub.
Hadisəni törədən Rüfətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rüfət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, evdə atası, anası, bacıları və bacısı qızı ilə birlikdə yaşayır, subaydır: “Atam ilə uzun müddətdir ki, münasibətlərimiz yaxşı deyil. Atam hər dəfə mənə işləmədiyimi, ona maddi köməklik etmədiyimi əsas gətirərək mübahisə edib. Hadisə günü, səhər saatlarında atam Göyçay rayonuna getdi. Təxminən saat 11:30-da otağımda olan zaman atamın həyətdə bacım Sevil ilə söhbət etdiyini, mənim barəmdə danışdığını eşidərək həyətə düşdüm. Həyətə düşən zaman atam Sevilə niyə bağda əkdiyi kartofları yetişməmiş çıxartdığını dedi və öz iradını bildirdi. Sevil isə evdə kartof olmadığı üçün əkilən kartofları vaxtından tez çıxardığını bildirdi. Atam mənim niyə evə kartof almadığımı dedi. Atama iki gün əvvəl evə kartof aldığımı dedim. Amma atam kartof almadığımı dedi və iradını bildirərək mübahisə etməyə başladı. Onun bu hərəkətlərindən əsəbləşərək bacım Sevilin və həyətdə olan anam Şahnazın yanında bir dəfə yumruqla atamın üz nahiyyəsindən vurdum. Vurandan sonra isə sakitləşməsi üçün həyətdən çıxaraq getdim. Sonra isə atamın rayon polis şöbəsinə gedərək məndən şikayət etdiyini öyrəndim. Mübahisə yaşadığımız evin həyətində baş verib. Atam ilə aramızda təxminən 3-4 dəqiqə mübahisə davam etdi. Atam ilə barışmışam, dəymiş zərəri aradan qaldırmışam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Ənvərin sözlərinə görə, oğlu Rüfət onunla birlikdə yaşamasına baxmayaraq qazandığı pulu evə gətirmir və yeyib-içməyə xərcləyir: “Onun bu hərəkətlərinə görə uzun müddətdir ki, aramızda mübahisələr olur. Yaşadığım evdə çox vaxtı bir-birimizlə danışmırıq. Hadisə günü, səhər saatlarında Göyçay şəhərinə gedərək alış-veriş etdim. Təxminən saat 11:30-da yaşadığım kəndə qayıtdım. Qayıdandan sonra evdə təzə əkilmiş kartofların yetişmədən bir hissəsinin yerdən çıxarıldığını gördüm. Qızım Sevildən niyə əkdiyi kartofu yetişməmiş tez çıxarmasının səbəbini soruşdum. Sevil evdə kartof olmadığını dedi. Bundan sonra Rüfətin niyə kartof almadığını dedim. Həmin vaxt Rüfət səsimi eşidərək evdən həyətə düşdü və iki gün əvvəl evə kartof aldığını dedi. Rüfətə “sən yalan deyirsən, evə kartof almamısan” dedim. Sonra aramızda mübahisə yarandı. Mübahisə olan zaman Rüfət qızım Sevilin yanında yumruqla bir dəfə sağ gözaltı nahiyyəmdən vuraraq xəsarət yetirdi. Bundan sonra evdən çıxaraq Göyçay Rayon Polis Şöbəsinə getdim və oğlumun məni döyməsi barədə şikayət etdim”.
Bu cinayət işinə Göyçay Rayon Məhkəməsində baxılıb. İşə baxan hakim təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Rüfətin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.