-
- 8-10-2024, 17:54
- 544
DİN əhaliyə XƏBƏRDARLIQ ETDİ: "Dərhal..." + FOTO
Bəzi şəxslər yaşlı nəslin nümayəndələrinə ev telefonları vasitəsilə zəng edərək yaxın qohumlarının qəza törətməsi adı ilə onların pul vəsaitlərini ələ keçirməyə çalışır.
News24.az bildirir ki, eyni üsulla dələduzluğa məruz qalan paytaxt sakini olan 79 yaşlı qadın da bu barədə polisə müraciət edib. Bununla bağlı saytmıza Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, oktyabrın 5-də zərərçəkən qadına bacısının yol-nəqliyyat hadisəsi törətdiyi barədə telefonla xəbər verilib və ondan 20.000 manat istənilib:
“O, evinə gələn tanımadığı şəxslərə həmin məbləği verəndən bir qədər sonra isə aldadıldığını anlayaraq polisə məlumat verib.Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə kuryer qismində bu qanunsuz əməllərə cəlb olunan Bakı şəhər sakinləri M.Əsgərli və G.İsrafilov müəyyən olunaraq saxlanılıblar”.
Nazirlik bununla bağlı vətəndaşlara müraciət edib: “Bir daha vətəndaşları diqqətli olmağa, daxil olan zənglər üzrə onlara verilən məlumatları dəqiqləşdirməyə və tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməməyə çağırırıq. Bu cür hallarla rastlaşdıqda isə dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə məlumat vermələrini tövsiyə edirik”.