Yeməzdən əvvəl iki dəfə düşünün - Bu xəstəlikləri yaradır
    • 9-10-2024, 19:12
    • 736

Yeməzdən əvvəl iki dəfə düşünün - Bu xəstəlikləri yaradır

Azərbaycan dünyada ən çox ağ çörək istehlak edən ölkələr arasında ilk yerlərdədir. İşlənmiş qida növü kimi saxlama müddəti də uzun olan ağ çörəyi istehlak etmək orqanizmə ciddi ziyan vura bilər.

News24.az Metbuat.az-a istinadla xəbər verir ki, mütəxəssislər müntəzəm olaraq ağ çörək istehlak edən insanların tip 2-ci tip diabet, piylənmə və ürək xəstəlikləri kimi problemlərlə üzləşmə riskinin artdığını bildirir.

Ağ çörək zülal, lif, vitamin və minerallar baxımından aşağı, kalorisi isə yüksəkdir. Yeməkdən dərhal sonra qan şəkərinin yüksəlməsinə səbəb olur. Araşdırmalar göstərir ki, daimi ağ çörək istifadəsi bu xəstəliklərin yaranmasına şərait yaradır.

Amerikan Ürək Assosiasiyasının araşdırmalarına əsasən, ağ çörəyin istehlakı qanda şəkərin qəfil yüksəlməsinə səbəb ola bilər. Bu isə yorğunluq və halsızlıq hissi ilə müşahidə edilir. Ağ çörəyin yüksək qlisemik indeksi onu başqa növ çörəklərlə müqayisədə daha az faydalı edir.

Tam buğda çörəyi kimi alternativlər isə daha çox lif və digər faydalı maddələr ehtiva edir, qan şəkərinin idarə olunmasında kömək edir və daha yaxşı həzm sisteminə şərait yaradır.

Lif baxımından zəngin qidalanma ürək xəstəliklərinin riskini azaldır, bağırsaq sağlamlığını dəstəkləyir və qəbizliyin qarşısını alır. Ağ çörək isə bu faydaları təmin edə bilmir, çünki istehsal zamanı buğdanın kəpəyi və toxumu çıxarılır, yalnız endosperm qalır ki, bu da lif və digər qida maddələrinin itirilməsi deməkdir.

Daha sağlam seçimlərdən biri tam buğda çörəyidir. Mütəxəssislər gündə 2-3 porsiya tam taxıl istehlak etməyi tövsiyə edirlər. Ağ çörəyi məhdud miqdarda qəbul etmək və onu protein və liflə zəngin qidalarla balanslaşdırmaq daha məsləhətdir.

Qlütenə həssas olanlar, xüsusilə çölyak xəstələri ağ çörəkdən qaçmalıdırlar. Bu çörək diabet və qan şəkəri problemləri olan şəxslər üçün də uyğunsuzdur, çünki qan şəkərini yüksəltməsi xəstəliyin idarə olunmasını çətinləşdirir.