Azərbaycanda belə bir qol… Gözünüz dörd olacaq! - VİDEO
    • Bu gün, 06:25
    • 334

Azərbaycanda belə bir qol… Gözünüz dörd olacaq! - VİDEO


II Liqada altıncı həftə arxada qalıb.


Son turlar məğlubiyyətləri sıralayan «Füzuli» Şamaxıda «Kür-Araz»ı qəbul edib.

Qarabağı təmsil eləyən komanda yenə yenilgidən qaça bilməyib.

Hesabı elə onların açmasına baxmayaraq. «Qarabağ»ın yetirməsi Fuad Məmmədzadə 16-ci dəqiqədə cinah ötürməsini yaxın məsafədən qapıdan keçirib.

Buna kimi və bundan sonra da qol epizodu yaxalamış nominal ev sahibləri şansdan yararlana bilməyib. Əvəzində qonaqların «ayağı açılıb».

38-ci dəqiqədə Ramazan Abbasov cərimə zərbəsindən hesaba tarazlıq gətirib.

İki dəqiqə sonra Elxan Məmmədov fərqlənib. Yenə 2 dəqiqə keçmiş Cavidan Musazadə başla toru silkələyib.

Bu da son olmayıb. Psixoloji üstünlüyə yiyələnmiş İmişli komandası fasilədən sonra da «qol yürüşü»nü davam etdirib.

63-cü dəqiqədə Fəzail Şirxanzadə «qayçı» vuruşu ilə stadiona toplaşmış azsaylı azarkeşlərin alqışını qazanıb.

20 yaşlı yarımmüdafiəçi bu qolu Premyer Liqada vursaydı, şübhə etmirik ki, elçiləri evinin qapısının önündən əskik olmazdı.