-
- 10-10-2024, 10:59
- 466
Siyavuş Novruzovdan SENSASİON AÇIQLAMALAR
Deputat, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Yeni Müsavat” a geniş müsahibə verib. Uzun fasilədən sonra baş tutan söhbətimizdə son seçkilərdən tutmuş, parlamentin hazırkı tərkibinə, Ermənistanın təxribatlarından, gözlənilən bələdiyyə seçkilərinədək, ABŞ-ın anti-Azərbaycan mövqeyindən yeni cərimələrlə bağlı gündəmdə olan qanun layihəsinədək çox məsələlərdən danışdıq və maraqlı bir söhbət alındı.
- Siyavuş bəy, siz yay tətilində də işlədiniz. Sessiya bitən kimi, YAP-ın Mərkəzi Seçki Qərargahında fəaliyyətə başladınız və indi də yeni çağırışın payız sessiyası başladı. Yorulmamısınız?
- Yox, əksinə. Azərbaycanda gözəl bir deyim var: “İş insanın cövhəridir”. İnsan işlədikcə daha çox məsuliyyət hiss edir və işgüzarlıq insanı səfərbər edir. Biz yay boyu burda da işlədik, daha sonra Seçki Qərargahının üzvü kimi çalışdıq. Prezident seçkiləri ilə bağlı hesabatları təqdim edəndən sonra artıq parlament seçkiləri elan olundu və ikinci mərhələyə başladıq. Partiyanın Seçki Qərargahı çox aktiv işlədi. Gecə saat 12-dən tez orada işıq sönmürdü. Başda aparat rəhbəri Tahir Budaqov olmaqla, işçilər 12-dən tez işdən getmirdi. Təsəvvür edin, 125 dairədən namizəd olanların hər biri üçün 70 səhifəlik sənəd hazırlanır. Bunların imzalarının toplanması, plakatlarının hazırlanması...
Başqa bir qrup seçki platformalarını, digəri şüarları hazırlayırdı, dizaynla məşğul olanlar var idi. Bəzən seçkini sadə bir məsələ kimi düşünürlər, sonra da seçki haqqında mənfi rəy söyləyirlər. Əgər seçkidə komanda yoxdursa, seçkiyə getmək qeyri-mümkündür. Əgər siyasi partiya üzvü deyilsə, siyasi dəstəyi yoxdursa, onun, hər halda, seçki qərargahı olmalıdır, ən azı 30 tərəfdarı fəaliyyət göstərməlidir. Ümumilikdə biz də işləyə-işləyə dincəlirdik. (Gülür)
- Qarşıdan növbəti seçki gəlir, bu dəfə bələdiyyə. Yəqin bu seçkidə də olacaqsınız. Seçki prosesində Siyavuş Novruzov personası artıq əvəzolunmaz şəxs təsəvvürü yaradıb, bəzən sosial şəbəkələrdə də bu haqda yazırlar. Özünüzün yanaşmanız maraqlıdır.
- Mən hələ 1990-cı ildən, birinci parlament seçkilərində, rəhbərlik akademik Fərəməz Maqsudovun vəkili, səlahiyyətli nümayəndəsi olmuşdum. Həmçinin bir neçə nəfər Heydər Əliyev tərəfdarları - Murtuz müəllim və digərləri müxtəlif dairələrdən namizədliklərini irəli sürmüşdülər, biz də onlara kömək edirdik. İlk dəfə 1993-cü ildə Ümummilli liderin namizədliyi irəli sürüləndə artıq səlahiyyətli nümayəndə kimi seçki prosesində fəaliyyət göstərmişəm. Ondan sonra 1998-2003 və ardıcıl şəkildə... Paralel olaraq da parlament və bələdiyyə seçkilərində. Yəni mütəmadi olaraq seçki qərargahında olmuşam. Təvazökarlıqdan uzaq olsa da, qeyd etməliyəm ki, Azərbaycandakı Seçki Məcəlləsini nəzəri-praktiki cəhətdən 3 nəfər bilirsə, biri mənəm.
- Amma deyəsən, şagird yetişdirmirsiniz...
- (Gülür) Yox, qərargahdakıların hamısı artıq yetişiblər və bilirlər. Doğrudan da bizim Seçki Məcəlləsi çox ağır məcəllədir.
- Bələdiyyələrlə bağlı nələri gözləyək?
- Bələdiyyələrin birləşməsi ilə bağlı qanun layihəsi olacaq. Bələdiyyələrin üçdə biri azaldılır. Azərbaycanda 1606 bələdiyyə var. Vaxtilə 2700-ə qədər idi, mərhələli şəkildə birləşdirildi. Bu gün də çoxdur, elə yerlər var, 60-70 nəfər yaşayır, bələdiyyəsi var. Nə vergi yığa bilir, nə digər işləri görə.
- Bəs bələdiyyələrin statusu necə, artacaqmı?
- Bəli, statusu artacaq.
- Demək olarmı ki, qarşıdakı mərhələdə icra hakimiyyətlərinin yerini bələdiyyələr tutacaq?
- Tədricən olacaq, bu prosesə birdən-birə keçmək çox çətindir. Bəzən Türkiyə nümunəsini çəkirlər. Türkiyədə vergilərin hamısını bələdiyyə yığır, tikintiyə icazəni bələdiyyə verir, bələdiyyə polisi var. Məsələn, mülkiyyət vergisini verməyəndə, üstünə polisini göndərir. Bizdə vətəndaş bələdiyyədən tələb edir ki, küçəmi düzəlt, amma bələdiyyə torpaq vergisini istəyəndə vermir. Yaxud tullantıların daşınması başqa qurumdadır, çünki orda pul var, onu bələdiyyəyə vermirlər. Amma təmizliyi bələdiyyədən soruşurlar.
- Qarabağda, Şərqi Zəngəzurda bələdiyyələr yaradılacaqmı?
“Qanun deyir maşında əriyi yedin, dənəsini küçəyə atma!” |
- Yaranacaq. Ərazi bütövlüyümüz təmin olunandan sonra prezident və parlament seçkilərini keçirdik. İşğal dövründə də həmin ərazilərin sakinləri həmin iki seçkidə iştirak edirdilər. Amma məcburi köçkünlər bələdiyyə seçkilərində iştirak edə bilmirdilər, çünki yerli strukturların yaradılması mümkün deyildi. Bu dəfə isə artıq azad olunmuş ərazilərə köçüb orada yaşayanlar bələdiyyələrini seçəcəklər. Hər bir yeni kənd yarandıqca, orda yeni bələdiyyə yaradılacaq və seçkilər keçiriləcək.
- Siyavuş bəy, parlamentin yeni tərkibi ilə bağlı fikirləriniz necədir? Deputat, komitə sədri olaraq hazırkı tərkibdən razısınızmı?
- Parlamentin tərkibində bir xeyli dəyişiklik oldu. Əvvəlkilərdən fərqli olaraq bu seçkilərdən fərqli olaraq, həm köhnə deputatların, təcrübəli, peşəkar deputatların yenidən seçilməsi - onların sayı 40-a yaxındır - eyni zamanda kifayət qədər savadlı, öz sahələrində təcrübəsi olan yeni şəxslərin seçilməsi təqdir olunandır. Beynəlxalq sahə, iqtisadiyyat, hüquq üzrə mütəxəssislər var ki, seçiliblər, parlamentdə də əlavə təcrübə qazanacaqlar, çoxşaxəli qanunların qəbul olunmasında da aktiv fəaliyyət göstərəcəklər. Qanunvericilik baxımından bizim ilk iclasımız idi. Tədricən onların aktivləşməsi hiss olunacaq.
- Yeri görünən deputatlar necə, varmı?
- Var. Dostlarımız var ki, seçilməyib. Dünyasını dəyişənlər var, rəhmətlik Fəttah Heydərovun adını çəkə bilərəm. Böyük ağsaqqal idi, ondan məsləhət alırdıq. Rəhmətlik Hacı Madər idi. Dostumuz Qənirə Paşayeva idi, Allah rəhmət eləsin. Onların yerləri görünür.
- Deputatlar ABŞ konqresmenləri ilə bağlı nazirə müraciət edib, həmçinin iclasda da tənqidlər səsləndi. Sizin nəzərinizcə, Amerika bizdən nə istəyir? Bunun qısa cavabı varmı?
- Qısa cavabı budur ki, Amerikada idarəçilik itib. ABŞ idarəçiliyi bu saat hərbi-sənaye kompleksinin əlinə keçib. Hərbi-sənaye kompleksinin nümayəndələri də ancaq müharibələrə diqqət yetirir, ancaq silah satışı və digər məsələlərlə məşğuldur. Təxminən Klinton hakimiyyətindən sonra - Amerikanın qızıl dövrü adlandırılır, dəyərlər qorunurdu, başqa ölkələrin daxili işlərinə o dərəcədə müdaxilələr olmurdu - Amerika rəhbərliyinin demək olar ki, hamısı dünyanın ayrı-ayrı qitələrindəki müharibələrin dolayısı və ya bilavasitə iştirakçısıdır. Burada söhbət Azərbaycandan yox, Cənubi Qafqazdan gedir. Cənubi Qafqazda aranı qızışdırmaq və yenidən müharibəni alovlandırmaq istəyirlər. Təbii ki, hədəf İrandır. İkinci hədəf Rusiyadır. Rusiyanın Avropa sərhədləri bağlıdır, çıxış Çinədir. Yaponiya da bu məsələlərdə Amerika ilə müttəfiqlik edir. Cənubi Qafqazda yeni münaqişə yaratmaq istəyirlər. Hələlik Mərkəzi Asiyaya girişə bilmirlər. O baxımdan baş verənlər kompleks planın bir hissəsidir. Ermənistanda "Soros" Fondunun qurduğu hakimiyyətdir, onlar da Amerikanın kəşfiyyat orqanları ilə işləyir.
- Bu dəfə müharibə olsa, Azərbaycan əsgəri harada dayanacaq?
- İrəvanda. Bunlar da bizi ora çəkmək istəyirlər. Elə bir vəziyyət yaratmaq istəyirlər ki, Azərbaycana qarşı beynəlxalq sanksiyaları və digər addımları işə salsınlar.
- Yəni İraqın Küveytə hücumundan sonra baş verənləri təkrar eləsinlər.
- Bəli, məqsədləri budur. Digər tərəfdən, bunların əsas məqsədi Azərbaycanın ərazisindən İrana müdaxilə etməkdir. Azərbaycan buna icazə vermir, deyir olmaz. Düzdür, İranın bizə namərd münasibətlərini də görmüşük, amma Azərbaycan dövləti deyir ki, İran mənim qonşumdur! Bombalar atılsa, oradakı azərbaycanlıların başına töküləcək. 1-2 milyon qırılsa, amerikanların vecinə olmayacaq, amma mənim qanımdan, canımdan olan qardaşlarımdır. Həmçinin onların Azərbaycana axışıb gəlməsi təhlükəsi var, qaçqın ordusu yaranacaq. Ona görə də Azərbaycan bu məsələyə özünün çox kəskin mövqeyini qoyur, bu da Amerikaya sərf eləmir.
- Fransanın ardınca ABŞ-ın də hərəkətə keçməsi sanki bir anlaşma olduğu qənaətini yaradır. Elə deyilmi?
- Təbii ki. Bunlar eyni mərkəzdən idarə olunur. Eyni addımlardır. Hətta bəzən görürsən ki, Azərbaycanın daxilində bəzi müxalif qüvvələri hərəkətə keçirlər. Görürsünüz, 60 konqresmeni az qala milli qəhrəmana çeviriblər ki, Azərbaycana sanksiya tətbiq olunacaq. Əgər Azərbaycana sanksiya tətbiq edəcəklərsə, bunun əziyyətini Azərbaycan xalqı çəkəcək. Deməli, səni xalq maraqlandırmır, səni maraqlandırır ki, Azərbaycana sanksiya tətbiq olunsun, xalq əziyyət çəksin, ölkənin iqtisadi münasibətləri korlansın, ictimai-siyasi münasibətlər pozulsun.
- Ola bilərmi ki, hakimiyyət COP29 ərəfəsində ölkəmizə qarşı bədnam qüvvələri arqumentsiz qoymaq, çıxılmaz duruma salmaq üçün geniş amnistiya elan etsin, yaxud əfv versin?
- Orası elədir. Amma Azərbaycanda 70-dən artıq əfv imzalanıb, amnistiyalar verilib. Özü də bu, hansısa tədbirə görə olmayıb, bu, Azərbaycan dövlətinin özünün məramından irəli gəlib. Azad edən kimi, yeniləri... Tofiq Yaqublunu neçə dəfə azad etmək olar? Digərləri də həminki kimi. Qərbdəkilərə lazımdır ki, onlar həbsdə olsun. Ona görə də bunlar azad olunacaq, başqaları eyni addımları atacaqlar ki, məsuliyyətə cəlb olunsunlar. Məsuliyyətə cəlb etməyəndə bu, düzgün çıxmır. Təsəvvür edin, cinayət törədir, qanunu pozur, məsuliyyət daşımır. Onda olur ölkənin ərköyün uşağı.
- Siyavuş bəy, ölkəni zibilləyənlərə, tullantıların atılmasına görə sərt cəzaların verilməsini nəzərdə tutan qanun layihəsi artıq ilk oxunuşda təsdiqləndi. Cərimələrin yüksək olması rezonans doğurub. Bir vətəndaş olaraq necə qarşılayırsınız?
- Burada nə deyir? Qanun deyir maşında əriyini yedin, dənəsini küçəyə atma! Almanı yedin, qabığını yola atma! Yaxud suyu içirsən, qabını tullayırsan kənara. Bakı şəhərində zibilqabları kifayət qədərdir. Ola bilər kənarlarda, gecəqondularda problem qalır. Amma normal binaların hamısının həyətində zibil qabları var, özü də hər gün daşınır, təmizlənir, dezinfeksiya olunur. Siqareti çəkdin, kənara tullama! Türkiyədə qanun var, üzr istəyirəm, yerə tüpürmək olmaz. Deyir sən türk torpağına tüpürürsən? Görəndə cərimə edirlər. Təbii, cərimələr olmalıdır ki, insanlar qanunlara riayət eləsin. Sənin etdiyin hərəkət bəlkə sənə rahatlıq gətirir, amma üçünü də narahat edir. Hüquqlar da o vaxt məhdudlaşır ki, digərinin hüququ pozulur. Sən digərinin hüququnu niyə pozursan ki? İki nəfər oturub, siqaret çəkməyən adamlardır, gəlib onların yanında siqareti qoyursan damağına. Adamların üstündən qoxu gəlir, nəfəs almasında problem yaranır, yaxud uşaq oynayır kənarda, baxır sənə, pis nümunə götürür.
- Bundan əvvəl də simvolik cərimələr var idi, amma vəziyyət dəyişmədi. Qanun işləyəcəkmi? Etirazçıların arqumenti budur ki, ölkədə minimum əmək haqqı 345 manatdır, amma siqaret kötüyünə görə 300 manat cərimə nəzərdə tutulur...
- Eləməsin də, bundan zorla pul alan yoxdur ki. Zibilləməsin, cərimələnməsin! Kimsə gəlib sənin cibinə girib, zorla pulunu çıxartmır ki... (Gülür) Özü də burada digər tərəf də var axı. Deyir zibili daşımayan da məsuliyyətə cəlb olunacaq. Öhdəlik götürmüsən, zibili daşımalısan.
- Siz siqaret çəkmirsiniz, eləmi?
- Yox.