Yapışıq əkizlər 8 saatlıq əməliyyatla ayrıldı - FOTO
    • 10-10-2024, 13:46
    • 479

Yapışıq əkizlər 8 saatlıq əməliyyatla ayrıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında yapışıq əkizlər bu yaxınlarda əməliyyatla bir-birindən uğurla ayrıldıqdan sonra ilk doğum günlərini qeyd ediblər.

News24.az xəbər verir ki, ailələri ABŞ-ın Filadelfiya şəhərində yaşayan Amari və Cavar Ruffin 2023-cü ilin sentyabrında keysəriyyə əməliyyatı ilə dünyaya gəliblər.

Qabırğası, diafraqması, qarın divarı və qaraciyərinin bir hissəsini paylaşan əkizlərin ümumi çəkisi 6 kilo olub.

Filadelfiya Uşaq Xəstəxanasında cərrahlar, anestezioloqlar, radioloqlar, tibb bacıları və bir çox başqalarından ibarət iyirmidən çox mütəxəssisin olduğu cərrahi qrup, uşaqları ayırmaq üçün 21 avqust 2024-cü il tarixində səkkiz saat ərzində əməliyyat aparıb.

Onların qarınları plastik cərrahiyyə üsulları ilə bağlanıb və rekonstruksiya edilib.

Xəstəxanadan verilən açıqlamada, uşaqların bir il xəstəxanada qaldıqdan sonra evə qayıtdıqları bildirilib.

Qeyd edək ki, Ruffin ailəsi əkizlərin hamiləliyin 12-ci həftəsində adi ultrasəs müayinəsi zamanı birləşdiyini öyrənib.

Onlara xəstəxanadan bildiriblər ki, uşaqlarda nadir xəstəlik olsa da, onları uğurla ayırmaq olar.

Yapışıq əkizlər təxminən hər 35.000-80.000 doğuşda bir dəfə baş verir.

Məryəm İlhamqızı