-
- 11-10-2024, 22:25
- 358
İxracın azalmasına səbəb nədir? - İqtisadçı
Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclasında müzakirə edilən məsələlərdən biri də Azərbaycandan xaricə pul köçürmələri və ixrac dəyərinin tam qaytarılması ilə bağlı olub. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sentyabrın 26-da keçirilən müşavirədəki tapşırıqlarına uyğun olaraq bu sahədə nəzarətin daha da gücləndirilməsi prioritetləşib.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, burada ixrac əməliyyatları zamanı əldə olunmuş vəsaitin 180 gün ərzində ölkəyə gətirilməsi, fiziki və hüquqi şəxslər üzrə ölkəyə qaytarılmayan valyuta vəsaitləri ilə bağlı məsələlər öz əksini tapır:
"2024-cü ilin geridə qalan aylarının rəsmi statistikası göstərir ki, Azərbaycan ixracının həcminin azalmasına baxmayaraq pul köçürmələrində artım müşahidə olunmaqdadır. Bu ilin ilk 7 ayında ölkəmizin ticarət dövriyyəsi 26 milyard 239 milyon dollar olub. Onun 15 milyard 446 milyon dolları ixracın, 10 milyard 793 milyon dolları isə idxalın payına düşüb. 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,3 faiz, real ifadədə 5,0 faiz, o cümlədən idxal 3,0 faiz, ixrac isə 6,1 faiz azalıb. Göründüyü kimi, enerji məhsullarının qiymətinin azalması ümumi ixracatımızın həcminə də təsirsiz ötüşməyib.
Bütün bunlar ilə yanaşı, bu ilin ilk yarısında (hələlik 7 aylıq göstəricilər elan edilməyib) Azərbaycandan xaricə 343 milyon dollar pul köçürülüb".
Onun sözlərinə görə, xaricdən ölkəmizə köçürülən vəsaitlərin həcmi 36.4 faiz azalsa da Azərbaycandan xaricə köçürmələr 34,7% artıb:
"Rəsmi statistika da təsdiq edir ki, Azərbaycandan xaricə pul köçürmələri və eləcə də ixracın dəyərinin ölkəyə tam qaytarılması üzrə nəzarətin daha da gücləndirilməsi aktuallaşıb. Daha çox valyutanın ölkədə qalması əsas isə hər zaman hədəflərdəndir".