-
- 11-10-2024, 18:32
- 510
Regionda yeni gərginlik yaşana bilər
Rusiya kəşfiyyat orqanlarına yaxınlığı ilə tanınan “Rıbar” nəşrinin yaydığı məlumata görə, İranla sərhəddəki Zəngəzur vilayətində ABŞ-ın iki kəşfiyyat qrupu üçün mövqelər hazırlanıb. Rus sərhədçilər getdikdən sonra ABŞ qüvvələrinin ora yerləşəcəyi deyilir.
Nəşr həm də qeyd edir ki, həmin qüvvələr İranın fəaliyyətini, xüsusilə də raketlərin buraxılışını izləyəcək. İran tərəfi proseslə bağlı ekspertlərin dili ilə kəskin bəyanatlar verir.
News24.az bildirir ki, Globalinfo.az-a danışan təhlükəsizlik eksperti Sülhəddin Əkbər deyib ki, dünyada geopolitik savaş gedir və hazırda bunun regionumuza təsiri açıq şəkildə hiss olunur:
“Münaqişələr, vəkalət və hibrid savaşları bu prosesi qabarıq şəkildə müşahidə etməyimizə səbəb olur. Regionumuz politik sınma və qarşıdurma xətti üzərində yerləşir. Bu baxımdan Cənubi Qafqaz həm postsovet məkanında, həm də Yaxın Şərqdə gedən proseslərdən təsirlənir. İndiki halda Ermənistanda gedən proseslər qlobal prosesin regional etabını təşkil edir.
Tərəflər, yəni ABŞ-Rusiya bir-birini regiondan sıxışdırıb çıxarmağa çalışır. Daha doğrusu, bu bütün dünyada belədir. Yəni hansı regionda mümkündürsə tərəflər bir-birini məğlub etmək istəyir. Gürcüstanda son zamanlar Rusiya təsiri, Ermənistanda isə ABŞ-ın təsiri artıb. Aİ-nin müşahidə missiyasının Ermənistandakı fəaliyyəti, ABŞ-ın kəşfiyyat imkanlarını bu ölkədə gücləndirməsi, avqust ayında Zvartnots hava limanına nəzarətin İrəvana verilməsi buna dəlildir.
Həmişə demişəm: Rusiyanın hərbi varlığının sıxışdırılması sərhəddən başlayacaq, daha sonra hava hücumundan müdafiəyə keçəcək, nəhayətində isə Gümrü bazasına gəlib çıxacaq. Rusiyanın sərhəd qoşunları Ermənistan-Azərbaycan sərhədindən də çıxıb. Bu, məqsədyönlü şəkildə aparılır. Bunu Paşinyan hakimiyyəti özü birbaşa edir. ABŞ, kollektiv Qərb isə Ermənistandan tələb edir. Qalan deyilənlər psixoloji savaş elementləridir”.
Ekspert deyib ki, Rusiyanın Ermənistanda mövqeyi zəifləyir:
“Lakin maraqlıdır ki, Rusiya sanki Ermənistanı öz istəyi ilə tərk edirmiş kimi təəssürat yaratmağa çalışır. Reallığı isə rus rəsmilərin sərt açıqlamalarında görmək olar. Əslində, real Ermənistan-Rusiya münasibətlərini rus rəsmilərinin açıqlamaları ifşa edir.
Qarşıdan Gürcüstanda seçkilər gəlir. Regionda yeni gərginlik baş verə bilər. Azərbaycan isə ABŞ və Qərbdən uzaqlaşaraq Çinə, Rusiyaya yaxınlaşır. Buna görə Qərblə münasibətlərimizdə soyuqluq müşahidə edilir”.