-
- 10-10-2024, 22:15
- 3 210
İran hədələdi: Bu halda Ermənistana zərbə endirəcəyik – Təcili
Ermənipərəstliyi ilə tanınan iranlı ekspert Pouya Hüseyni erməni mediasına açıqlamasında Ermənistanı aşkar şəkildə hədələyib.
Axar.az xəbər verir ki, o, rus sərhədçilərin Ermənistan-İran sərhədindən 1 yanvar 2025-ci ildə tam çıxacağı və sərhədləri ermənilərin özlərinin qoruyacağı mövzusunda danışarkən buna toxunub.
Hüseyni bildirib ki, sərhədlərini necə qorumaq Ermənistanın öz işidir və İran buna müdaxilə edə bilməz. Ancaq o, Rusiya kəşfiyyat orqanlarına yaxınlığı ilə tanınan “Rıbar” nəşrinin yaydığı məlumatla bağlı İranın narahatlığını da diqqətə çatdırıb. Belə ki, “Rıbar” İranla sərhəddəki Zəngəzur vilayətində artıq ABŞ-ın iki kəşfiyyat manevr qrupu üçün mövqelər hazırlandığı, rus sərhədçilər getdikdən sonra amerikalıların ora yerləşəcəyi və İranın fəaliyyətini və xüsusilə də raketlərin buraxılışını izləyəcəklərini bildirib.
Jurnalistin bu yöndən sualına cavabında Pouya Hüseyni vurğulayıb ki, İran bütün qonşularına xəbərdarlıq edib ki, öz ərazilərini antiiran əməliyyatları məkanına çevirməsinlər:
“Zəngəzurda belə bir şey olarsa, İran öz ərazilərini qorumaq üçün həmin nöqtələrə zəbə endirəcək. Bu, İranın qanuni legetim hədəfidir. Ermənistanın İranla belə bir qarşıdurmaya gedəcəyini düşünmürəm. Əgər İrəvan buna getsə, bu, şübhəsiz ki, Ermənistanın milli təhlükəsizliyinə ziddir və nəticədə hər iki ölkə üçün pis nəticələnəcək”.
Qeyd edək ki, İranda heç bir politoloq ölkənin mövqeyi ilə bağlı müstəqil fikir bildirmir. Bir çox məqamda İran diplomatiyada ifadə edə bilmədiyi sözlərini politoloq və ekspertlərin dili ilə səsləndirdiyini etiraf edib. Bunu hətta İrana səfər edən erməni deputatlar da açıq şəkildə bəyan ediblər.
Görünür, Hüseyninin də bu tələsik açıqlaması Ermənistana İran dövlətinin rəsmi xəbərdarlığıdır.