-
- 15-10-2024, 01:30
- 294
Gərginlik PİK HƏDDƏ - Dünya ÇALXALANIR
ABŞ dövlət katibi Antoni Blinken Laosda keçirilən sammitdə Cənub-Şərqi Asiya liderlərinə deyib ki, Vaşinqton Çinin Cənubi Çin dənizində "getdikcə təhlükəli və qeyri-qanuni" fəaliyyətindən narahatdır. Blinken ABŞ-nin həyati əhəmiyyət kəsb edən dənizdə naviqasiya azadlığını dəstəkləməyə davam edəcəyinə söz verib. Sammit Çinin ASEAN üzvləri olan Filippin və Vyetnamla dənizlərdə bir sıra şiddətli qarşıdurmalarının ardınca keçirilib.
News24.az Musavat.com-a istinadla xəbər verir ki, politoloq Elxan Şahinoğlu öz sosial media hesabında Çinin ASEAN üzvləri olan Vyetnam, Filippin, Malayziya və Bruneylə dənizlərdə maraqlarının üst-üstə düşmədiyini qeyd edib.
Politoloq bildirib ki, qlobal ticarətin təxminən üçdə bir hissəsi bu bölgədən keçdiyindən onun sularında gərginliyin artması böyük dövlətləri narahat edir.
""Biz Çinin Cənubi Çin dənizində ASEAN ölkələrinin gəmilərinə təhlükə yaradan fəaliyyətindən çox narahatıq" - deyən Blinken Birləşmiş Ştatların Hind-Sakit Okean hövzəsində naviqasiya azadlığını və havada uçuş azadlığını dəstəkləməyə davam edəcəyini vurğulayıb. Onun sözlərinə görə, Birləşmiş Ştatların Cənubi Çin dənizində heç bir iddiası yoxdur, ancaq Çinin iddialarına etiraz olaraq sularda patrul xidməti aparmaq üçün donanma gəmiləri və döyüş təyyarələri yerləşdirib.
Çin və Filippin gəmiləri bu il dəfələrlə üz-üzə gəliblər. Bundan başqa, Vyetnam keçən həftə Çin dəniz qüvvələrinin mübahisəli dənizdə balıqçılarına hücum etdiyini açıqlayıb. Çin həmçinin İndoneziya və Malayziyanın eksklüziv iqtisadi zonalar kimi iddia etdiyi ərazilərə patrul gəmiləri göndərib. ABŞ-nin Filippinlə təhlükəsizlik anlaşması var, buna görə də Vaşinqton bu ölkəni Çinin təhdidlərindən qorumaq məcburiyyətindədir. Filippin prezidenti kiçik Ferdinand Markos Laosdakı zirvə toplantısındakı çıxışında Çinin regional siyasətindən şikayət edib. O, Çinin beynəlxalq hüququ pozduğunu iddia edib".
Elxan Şahinoğlu qeyd edib ki, Pekin səslənən iddiaları həmişəki kimi rədd edib və Çinin baş naziri Li Çian Cənubi Çin dənizini "ortaq ev" adlandırıb:
"Baş nazir həmçinin "Asiyaya blok qarşıdurması və geosiyasi münaqişələr gətirmək" istəyən xarici qüvvələrin müdaxiləsinin işi olduğunu bildirib. Li Çian xarici qüvvələrin adını çəkməsə də, söhbətin ABŞ-dən getdiyi aydındır. Vaşinqton geri çəkilmək istəmir. Antoni Blinken Çinə başqa bir mesajında Birləşmiş Ştatların Tayvan boğazı boyunca sabitliyi qorumaq üçün ortaq öhdəliyi olduğunu bildirib. Çinin Tayvan sahillərinə yaxın aviadaşıyıcı göndərməsi onu göstərir ki, Pekin də geri çəkilmək fikrində deyil. Tayvan dəniz qüvvələri döyüş hazırlığı vəziyyətinə keçib".