Vitamin qəbulu həkim məsləhəti ilə olmalıdır - AÇIQLAMA
    • 15-10-2024, 19:34
    • 779

Vitamin qəbulu həkim məsləhəti ilə olmalıdır - AÇIQLAMA

Virus infeksiyalarının artdığı bir vaxtda xəstəliklərdən qorunmaq üçün immun sistemi möhkəm olmalıdır. Xüsusən də payız fəslində hava-damcı yolu ilə yayılan xəstəliklərə yoluxma halları daha da çoxalır. Soyuqdəymə, baş, boğaz ağrısı, burun axması, əzələ ağrıları kimi əlamətlərlə müşahidə olunan yoluxucu infeksiyalar qripə bənzəsə də digər oxşar xəstəliklərin də carçısı ola bilər. 

Həkim-terapevt Şahvələd Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, möhkəm immunitetə sahib şəxslər qrip və bənzər xəstəliklərə daha az yoluxur:

“İnsanın immuniteti möhkəmdirsə, xəstəliyə yoluxsa da, fəsadı az olur və digərləri ilə müqayisədə daha tez sağalır. Payız və qış aylarında soyuqdəymə halları daha çox artır. Xüsusən də xroniki xəstəlikləri olan insanlar, ağır yataq xəstələri, immuniteti zəif olanlar soyuqdəymədən əziyyət çəkə bilər onlarda xəstəlik ağırlaşa, digər yanaşı təsirlər görülə bilər. Mütləq həkim yoxlanışından sonra D vitamini, maqnezium, kalsium, sink və digər mikroelementlər qəbul etmək olar. Yaşlı insanlar üçün vitamin qruplarının qəbul edilməsində əks göstərişlər ola bilər. Bədənində müəyyən xoşxassəli törəmələr olan, yaşı 40-50 və daha artıq olan insanların vitamin qrupları qəbul etməsinə ehtiyac yoxdur. Mütləq həkim göstərişi olmalıdır. Bol-bol payız meyvələri ilə qidalanmaq, təmiz havada gəzmək, idman etmək lazımdır. İstirahət və yuxu rejimi düzgün tənzimlənməlidir”.