-
- 16-10-2024, 22:53
- 573
Nə qədər duz istifadə etməliyik?
Duzdakı natrium bədəndə adekvat su səviyyəsini saxlamaq üçün vacibdir. O, həmçinin hüceyrələrin qida maddələrini mənimsəməsinə kömək edir.
News24.az BBC-yə istinadən xəbər verir ki, ABŞ-ın Rutgers Universitetinin qidalanma elmləri professoru Paul Breslin "Duz həyat üçün vacibdir" deyə xülasə verir.
"Duz xüsusilə elektriklə aktiv olan hüceyrələr üçün vacibdir. Bunlara neyronlar, beynimiz, onurğa beyni və bütün əzələlərimiz daxildir. O, həmçinin dəri və sümüklərdə də vacib bir maddədir".
Professor Breslin deyir ki, kifayət qədər natrium qəbul etməsək, ölə bilərik. Natrium çatışmazlığı zehni çaşqınlıq, əsəbilik, zəifləmiş reflekslər, qusma, iflic və komaya səbəb ola bilən hiponatremiyə səbəb olur.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gündə beş qram duz istehlak etməyi tövsiyə edir, bunun iki qramı natriumdur. Bu təxminən bir çay qaşığıdır.
Bununla belə, dünyada orta hesabla gündəlik duz istehlakı demək olar ki, 11 qramdır. Bu, ürək xəstəlikləri, mədə xərçəngi, piylənmə, osteoporoz (sümük itkisi) və böyrək xəstəlikləri riskini artırır.
ÜST-nin hesablamalarına görə, hər il 1,89 milyon insan həddindən artıq duz istehlakı səbəbindən ölür.
Günel Məlikzadə