-
- 17-10-2024, 08:23
- 239
1000 illik xəritədə “Azərbaycan” sözü – Görkəmli türk yazıb
Tarixçi alim Zaur Əliyevin paylaşdığı və Azərbaycan adının yer aldığı 14-cü əsrə aid xəritə ictimaiyyətdə maraqla qarşılanıb. O, tanınmış coğrafiyaçı Məhəmməd əl-Ədrisinin bu xəritəni Sisiliya kralı II Rocer üçün hazırladığını bildirib.
Tarixçinin sözlərinə görə, xəritə 1619-cu ildə latın dilinə çevrilib. Orijinalı isə 1325-ci ildən etibarən Fransada saxlanılır. Xəritədə Cənubi və Şimali Azərbaycan torpaqları aydın göstərilir.
Globalinfo.az-a danışan fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərlinin sözlərinə görə, Azərbaycan adının xəritələrdə istifadə olunması Mahmud Kaşğarinin dövründə də olub:
“Kaşğarinin 11-ci əsrə aid çəkdiyi xəritədə məhz Azərbaycanın adı keçir. Fikrimcə, bu ada digər xəritələrdə də rast gəlmək olar. Çünki Azərbaycan qədim coğrafi adlardan biridir. Mümkündür ki, Fars, Çin, Qədim Roma, Yunan, Ərəb mənbələrində bir az fərqli təqdim olunsun. Bu coğrafiya bəzi keçmiş xəritələrdə “Adrbadaqan”, “Xəzərbaycan” kimi adlarla verilib.
F.Ələkbərli bildirib ki, Azərbaycan yaşayış məskəni olaraq dünyanın ən qədim məkanlarından biridir:
“Düşünürəm ki, Azərbaycan kəlməsi məhz Oğuz ərləri və Xəzərlərlə bağlıdır. Çünki az-ər və ya xəz-ər, həmçinin digər bir çox anlayışlar müəyyən xalqlarda fərqli şəkildə istifadə edilə bilər. Lakin mahiyyət etibarilə bir-birini tamamlayırlar. Bu baxımdan da Azərbaycan adının bir çox mənbələrdə keçməsi tamamilə məntiqə uyğundur və bu ad türklərlə bağlı olan bir anlayışdır”.