Arvadını it zəncirinə bağladı, 20 günlük körpəsi ilə döyə-döyə öldürdü – Təfərrüat
    • 24-06-2019, 12:26
    • 714

Arvadını it zəncirinə bağladı, 20 günlük körpəsi ilə döyə-döyə öldürdü – Təfərrüat

Daşkəsən rayonunda arvadını və 20 günlük körpəsinin xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1979-ci il təvəllüdlü 39 yaşlı Raqif Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

News24.az
Teleqraf.com-a istinadla xəbər verir ki, Raqif Ələkbərov 20 iyun 2017-ci il tarixdə, axşam saatlarında yaşadığı Daşkəsən rayonunun Şahvələdli kəndindəki evində spirtli içki qəbul edib.

O, sərxoş vəziyyətə düşdükdən sonra bir il əvvəl evlənərək faktiki ər-arvad münasibətlərində olan və onunla birlikdə yaşayan Kəmalə Məmmədova ilə aralarında əvvəllər baş vermiş ailə münaqişəsi ilə əlaqədar barəsində müvafiq orqanlara şikayət etməsi, inzibati qaydada 500 manat cərimə olunmasına görə qisas almaq məqsədi ilə onu və onun təzə doğulmuş qızını, 20 günlük körpəni öldürmək qərarına gəlib.
Raqif Ələkbərov Kəmalə Məmmədovanın birinci nikahdan doğulmuş azyaşlı qızı Fatimənin gözü qarşısında onun baş və təpə nahiyələrinə yumruqla çoxlu sayda zərbələr endirib.

Bundan sonra o, evdən götürdüyü dəmir zənciri Kəmalənin boğaz nahiyəsinə keçirərək it üçün nəzərdə tutulmuş həyətboyu qalın məftilə bağlayıb və bir müddət torpağa uzanılı vəziyyətdə saxlayıb.

Bununla kifayətlənməyən Raqif Ələkbərov yenidən yumruqla Kəmalənin başından vura-vura evə gətirib.
Sonra otaqdakı odun sobasının qarşısında olan ağac parçası ilə Kəmaləni, sonuncunun həmin vaxt qucaqladığı, otaqda çarpayının üstündə olan 15 may 2017-ci il tarixdə anadan olmuş körpəni də vurub.

Raqif Ələkbərov odun parçası ilə ana və azyaşlı qızını döyməyə başlayıb. Ana və azyaşlı qızı dünyasını dəyişib.
Raqif Ələkbərovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Bu cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılıb və məhkəmənin hökmü ilə Raqif Ələkbərov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasının ilk 3 ilini həbsxanada, qalan hissəsini ciddi rеjimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə hökm elan edilib.
Hökmdən narazı qalan Raqif Ələkbərov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, əməlinin Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsinə tövsif edilməsini istəyib.
Həmçinin prokuror da apelyasiya protesti verib və Raqif Ələkbərovun barəsində ömürlük azadlıqdan məhrum etmə cəzası təyin olunmasını tələb edib.

Tərəflərin şikayəti Gəncə Apelyasiya Məhkəməsində araşdırılıb. Qərara görə, Raqif Ələkbərovun apelyasiya şikayəti təmin olunmayıb.
Prokurorun protesti təmin olunub və Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Raqif Ələkbərovun barəsində ömürlük azadlıqdan məhrum etmə cəzası çıxarılıb.

Raqif Ələkbərov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə Raqif Ələkbərovun şikayəti təmin olunmayıb.